Şounun əndazəni aşması

sounun-endazeni-asmasi
Oxunma sayı: 647

Onun-bunun haqqında lazımsız xəbər yığnağı toplamaq, kadr arxasında xüsusiylə seçilmiş şəxslərin qışqırıq səsləriylə bu xəbərləri çatdırmaq( məs. Xəzər tv-nin “Starlife”adlı verilişində qışqıran qız kimi) adət halını alıb. Yaxud bir -iki üzünü görməkdən bezdiyimiz simalarla söhbətləşmək ən bəsit veriliş formalarııdr.

Əsil əyləncəli şou, yaxud əyləncəli intelektual veriliş tamaşaçını ekrana elə kilitləməlidir ki, o oturduğu yerdən qalxmağa da macal tapmasın. Bu işdə beynəlxalq, nüfuzlu (vaxtiylə Lider “Milyonçu” layihəsini güya sonadək icra edəcəkdi) layihələri də tətbiq etmək olardı, amma yenə də maliyə bəhanəsi səbəb gətirilir. Çox maraqlıdır ki, telekanallar yaradıcılıq baxımdan insan “ovu”na da çıxmırlar. Heç yeni layihələrlə tanışlığa can atmırlar, çünki onlar da yaxşı bilirlər ki, azərbaycanlı tamaşaçısı belə verilişləri yerli kanaldan gözləməkdən yorulub, heç ümidi də yoxdur. Hamı əyləncəni əcnəbi kanallarda axtarır.

Misal üçün, dili bizə yaxın olan Türkiyə kanallarında, yaxud çoxunun bəyənmədiyi Rusiyanın aparıcı telekanallarında bu “aclığ”a çarə tapmaq olar. Amma sonuncu dəfə izlədiyim proqramdan sonra dedim ki, “bizim kanallara və tamaşaçımıza belə şou da lazım deyil.” Təsəllim də odur ki, belə veriliş yaransa belə orada iştirakçı qıtlığı yaranar. Axı bizimkilər bir maşın üçün bu boyda həngaməyə niyə dözməlidir? Ürəyi maşın istəyir, kreditin canı sağ olsun da. Türkiyənin Fox tv kanalında yenicə “İmkansız karoke” adlı layihə başlayıb. Bu əslində türkiyəli televiziya rəhbərlərinin növbəti “əcnəbi layihə”(“Killer karoke”) oğurluğudur. Amma qardaş ölkənin televiziya başbilənləri bunu həmişəki kimi elə ustalıqla reallaşdırırlar ki, əcnəbinin kefi də qaçmır. Eyni səhnələr, eyni studiya quruluşu. Nə isə. “İmkansız karoke”də həqiqətən də mahnı oxumaqdan qat-qat çətin sınaqla qarşılaşmaqdır. Bu verilişə iştirakçı qismində gələn şəxslər ən ağır şərtlər içərisində, onların başına gözlənilmədən açılan oyunlara baxmayaraq, təqdim olunan mahnı parçasını dayanmadan oxumalıdırlar. “Vəzifə”sini yaxşı başa vurmayan, icra edə bilməyən dözümsüz iştirakçı növbəti mərhələyə keçə bilmir. Əsas məsələ isə, avtomobili qazanıb qalib olmaqdır. Elə insanlar bu boyda hədiyyə naminə bütün çətinliklərə dözməli olurlar. Bu şouya baxanda insanın var-dövlət, şöhrət üçün əzimkar olması, hər yola əl atması fikri bir daha təsdiqlənir. Amma güclü iradənin də vacibliyi ortaya çıxır. Doğrudur, şou yaratmaq, insanları ekrana bağlamaq asan iş deyil, amma belə şoulardan qorxmaq da gərəkdir. İnsanlar 20-40 il sonra efirdə bu gün qarşı çıxdığımız məsələlər üzrə yarışsa gərək çaşmayaq. Yaxud, efirdə insan öldürmək kimi şounu da yaratsalar, buna təəccüblənməyək. Mən qorxuram ki, bizim də həmin vaxtlarda düşüncəmiz də dəyişə, həmin şoulara baxanda artıq heyrətlənməyək, gülək, əylənək. Allah qorusun!