Söyə-söyə toya gedənlər...

soye-soye-toya-gedenler
Oxunma sayı: 1662

Seymur Verdizadə

Məclis axşam 6-da başlasa da, salonda boş yer çox idi. Amma toy sahibi qətiyyən narahat deyildi: “Zəng vurub, hamı ilə bir-bir özüm danışmışam. Gəlməyənlər də pul göndərəcəklər”.

Saat 7-də bir kişi gəlib, sağ tərəfimdəki boş yerdə əyləşdi. Söhbət etməyə adam tapdığım üçün sevinsəm də, sevincimin ömrü uzun olmadı. Qaraqabaq adam olduğu üçün ondan sözü kəlbətinlə çəkmək lazım gəlirdi. Hətta jurnalistikada qazandığım 20 illik təcrübə də köməyimə çatmırdı. Axırda dözməyib, onu “sancmağa” qərar verdim: “A kişi, yasa yox, toya gəlmisən. Ye, iç, danış, gül”.

Kişi qaşlarını çatıb bir anlıq fikrə gedəndən sonra ağzını qulağıma yapışdırdı: “Səni də bir gündə üç toya çağırsalar, boğazından nəinki çörək, heç su da keçməz. Son vaxtlar nə qazanıramsa, hamısını toyxanalarda qoyub çıxıram”.

Yaşlı-başlı adamlara ağıl öyrətməyin təərfdarı olmasam da, dilimin ucuna qədər gələn sözləri geri qaytarmaq istəmədim: “Günah özündədir. Adam qardaşının, bacısının, qohumunun, dostunun, ən yaxın iş yoldaşının toyuna gedər. Şəxsən mən bu cür edirəm. Üç ildə bir dəfə qarşılaşdığımız adamın toyuna getməyə heç kim bizi məcbur etmir”.

Diqqətlə qulaq assa da, heç nə demədi. Daha mənim də danışmağa həvəsim yox idi. Yaranmış sükutdan istifadə edib, cibindən iki dəvətnamə çıxardı. Dəvətnamələri o üz, bu üzə çevirib, ünvanları dəqiqləşdirəndən sonra lazımsız kağız parçası kimi bir neçə yerə bölüb, külqabına atdı. Onun dəvətnamələrə necə ikrahla baxması, onları xüsusi şövqlə parça-parça etməsi nəzərimdən yayınmadı. Bunu üzünə vuranda toy sahiblərinin ünvanına yaşına və xarici görünüşünə yaraşmayan yağlı bir söyüş söyüb, ayağa qalxdı. Bu hərəkətdən sonra onunla sağollaşmağa lüzum görməyib, üzümü yana çevirdim. Ürəyimdə bu gün ömür yolunu birləşdirən gənclərə yazığım gəldi. Bəlkə də növbəti şadlıq evində onu başa keçirib, bəylə gəlinə xeyir-dua verməyi xahiş edəcəklər...

Biz yazarlar cəmiyyətə yaxşılıq etmək üçün çox vaxt özümüzə pislik edirik. Toylarla bağlı yaranmış acınacaqlı vəziyyəti tənqid edəndə, bəzən qohum-qardaş, dost-tanış bizi düzgün başa düşmür. Çoxdan bu qənaətə gəlmişəm ki, bəzi adamlar toya gedəndə o qədər deyinirlər ki, yeni ailə quran gənclərin çoxu xoşbəxt ola bilmirlər. Axı nə vacibdir ki, övladlarınızın toyuna 500, yaxud 700 adam çağırasınız? Ən əfəl adamın da ən azı 150 qohumu, dostu, iş yoldaşı var. Hamı öz qohum-qardaşını, yaxın dostunu, iş yoldaşını başına yığıb uşağına toy eləsə, dünya dağılar? Sizi deyə bilmərəm, şəxsən mən dəfələrlə zibil qutularında üç-dörd yerə bölünmüş toy dəvətnamələri görmüşəm. Min bir əziyyətlə böyütdüyünüz gül balalarınızın adları yazılmış dəvətnamələrin qəzəblə, nifrətlə parça-parça edilib, zibil qutularına atılması xoşunuza gəlir? Məni söyün, təhqir edin, aşağılayın, amma övladlarınızı bu cür yaramaz adətlərə alət eləməyin. Toylarınıza elə adamları çağırın ki, cibində pulu olmasa da, qəlbində xoş niyyəti olsun...