Söyüş

soyus
Oxunma sayı: 821

Axşam düşmüşdü. Daimi müştərilər var idi – avaralar, ziyalılar, sərxoşlar, dəlilər... Hərənin də öz mahnısı. Avaralar yenə gəlmişdi. O dövrdə dəbdə olan bir mahnı var idi. Adı yadımdan çıxıb. Avaralar həmişə bu mahnını sifariş verirdilər. Həmin gün də istisna olmadı. Eyni mahnını sifariş verdilər. Başladım oxumağa. Mahnının birinci bəndini. Sonra nəqarət gəlirdi. Mən nəqarəti oxuyurdum:

– Qaşı qara, qara qız. Gözü qara, qara qız.

Avaralar coşmuşdular. Meymun kimi tullanıb-düşürdülər. Bu, məni maraqlandırmırdı. Onların coşmağı mikrafonu ağzıma yaxınlaşdırmağımla düz mütənasib idi. Sevinirdim. ƏI çaldılar. Fit çaldılar. Mahnı sümüklərinə düşmüşdü. Qışqırdılar. Bir kişi diqqətlə mənə baxırdı. Qırx-qırx beş yaşı olardı. Gözünü gözlərimə zilləmişdi. Saçları dağınıq idi. Üzündə çapıq var idi. İdmançıya oxşayırdı. Yanında da bir qadın. Deyəsən arvadı deyildi. Nəsə mənə belə gəldi. Bir də gördüm hirslə ayağa durdu. Sürətli addımlarla mənə yaxınlaşdı. Mən oxuyurdum. Mahnının ikinci bəndini. Sonra nəqarət gəlirdi. Mən nəqarəti oxuyurdum:

– Qaşı qara, qara qız. Gözü qara, qara qız.

Qulağıma qışqırdı:

– Söyüş söymə! Eşidirsən?! Camaatın anası-bacısı var. Söyüş söymə!

Dedim yəqin içib. Başına hava gəlib. Bəlkə də dəlidir. Ancaq ehtimalım yanlış idi. Nə dəli idi, nə sərxoş idi, nə də başına hava gəlmişdi. Qulağıma qışqırıb cəhənnəm oldu yerinə. Elə bil nəqarətdə nəsə var idi. Bayaq nəqarətdəki sözləri təkrarlayanda durmuşdu kişi. Avaralar isə oynayırdılar. Dünya veclərinə deyildi. Ətrafdakıların hamısının diqqəti onlarda idi – avaralarda. Bir nəfər isə ancaq mənə baxırdı. Gözünü gözlərimə zilləmişdi. Bayaqki kişi idi – üstümə qışqıran. Nəqarətdəki sözləri təkrarlayanda, kişi yenə yerindən durdu. Sürətli addımlarla mənə yaxınlaşdı. Mən oxuyurdum. Mahnının üçüncü bəndini. Sonra nəqarət gəlirdi. Mən nəqarəti oxuyurdum:

– Qaşı qara, qara qız. Gözü qara, qara qız.

Qulağıma qışqırdı:

– Söyüş söymə! Eşidirsən?! Camaatın anası-bacısı var. Söyüş söymə!

Dinamikdən çıxan səsin yüksəlməsi ilə onun qışqırığını artırması düz mütənasib idi. Onun qışqırığı bu dəfə daha yüksək oldu. Lya-Si notunda olardı. Bir az da musiqili səsləndi qışqırığı. Mahnıya xaric səs əlavə olunmuşdu. Avaralar kişinin narazılığını görmüşdülər. Kişi sürətlə yerinə getdi. Oturdu. Mən heç nə anlaya bilmirdim. Nə baş verdiyini anlamırdım. Bir-iki dəqiqə keçdi. Kişi yenə yerindən durdu. Oturacağa möhkəm təpik vurdu. Oturacaq adam balası kimi dombalaq aşdı. Cibindən bıçaq çıxartdı. Sol əlində bıçaq var idi. Sağ əlinin baş barmağı ilə hədələyə-hədələyə yaxınlaşırdı. Üzündə dəhşət ifadə var idi. Bərk qorxdum. Səsim titrədi. Ancaq oxuyurdum. Mahnının dördüncü bəndini. Sonra nəqarət gəlirdi. Mən nəqarəti oxuyurdum:

– Qaşı qara, qara qız. Gözü qara, qara qız.

Nəqarətdən oxuduğum sonuncu kəlmə bu oldu:

– ...gözü qara...

Sifətimə babat bir şillə dəydi. Mikrafonu əlimdə möhkəm tutmuşdum. Sanki mikrafon məni müdafiə edəcəkdi. Mikrafon çörək ağacım idi. Kişi çörək ağacımı əlimdən aldı. Vıyıldatdı naməlum istiqamətə. Mikrafon hansısa ağaca çırpılıb yerə düşdü. Dinamikdən gurultu qopdu. Qarnıma dumbuz vurdu. Sağ böyrəyimi əzdi. Zərbələrin hardan gəldiyini bilmirdim. Kişi üstünə gözəgörünməzlik mayesi tökmüş film qəhrəmanına bənzəyirdi. Həyatımda elə döyülməmişdim. Avaralar məni onun əlindən güclə qopartdılar. Cəhənnəmdən qurtulmuşdum. Özümü güclə saxlamışdım. Bıçaq qarnımı yortmamışdı. Avaralar bıçağı onun əlindən almışdılar. Kişi qışqıra-qışqıra, məni təhdid edə-edə yerinə doğru gedirdi:

– Cındır, söyüş söymə! Bir də söyüş söysən səni!.. Eşitdin, oğraş?! Eşitdin?!

Heç nə anlaya bilmirdim. Yad planetə düşmüş insana bənzəyirdim. Avaralar mənə qahmar çıxdı. Mənim halıma acıyırdılar. Biri üstümü təmizləyirdi, biri su verirdi, biri təskinlik verirdi. Üç-dörd dəqiqə keçdi. Avaralar məni dəstəkləməyə başladılar.

– Qorxma, ... yeyir. Sənə nə deyirdi?

– Söyüş söymə...

– Nə söyüş? Mahnıda söyüş var?

– Siz söyüş eşitmisiz?

– Yox?! Qorxma, ... yeyir.

Avaralar yenə eyni mahnını sifariş verdilər. Cibimə də 4 manat pul basdılar – köhnə pulla 2 “şirvan”. Təəccübləndim. Ayrı vaxt bu avaralar bir manatdan artıq pul verməzdilər. Bir dəfə sifariş verərdilər. Bir dəfə oxuyardım. Bir dəfə oynayardılar. Sonra da cəhənnəm olub gedərdilər. Ancaq qəribədir – bir mahnıdan ötrü 2 “şirvan”. Ələxsus da əgər sifariş olunan mahnı təkrardısa... Yenə eyni mahnını oxumağa başladım. Özümü böyük fanat ordusuna malik müğənni hesab edirdim. Avaralar mənim cangüdənimə bənzəyirdilər. Cuşa gəlmişdim. Mikrafonu aldım əlimə. Kişiyə acıq verdim. Başladım ilkin vəziyyətdən oxumağa. Mahnının birinci bəndini. Sonra nəqarət gəlirdi. Mən nəqarəti oxuyurdum:

– Qaşı qara, qara qız. Gözü qara, qara qız.

Nəqarətdən oxuduğum sonuncu kəlmə bu oldu:

– ...gözü qara...

Yerə sərildim. Üzümə su vurdular. Ayıldım. Başımın üstündə avaralar, bir də ofisiantlar durmuşdu. Kişi yerinə doğru qışqıra-qışqıra, məni təhdid edə-edə gedirdi:

– Cındır, söyüş söymə! Bir də söyüş söysən səni!.. Eşitdin, oğraş?! Eşitdin?!

Avaralar gülürdülər. Hər şeyi anladım. Kişini mənimlə davaya təhrik etdiklərini də, niyə eyni mahnını sifariş verdiklərini də, niyə çoxlu pul verdiklərini də... Onlar ölümcül vuruşan iki döyüşçüyə pul qoyan sadistlərə bənzəyirdilər. Mən isə mazoxistə... Özümü yadplanetlilər arasında hiss edirdim. Öz-özümə mızıldandım:

– Qaşı qara, qara qız. Gözü qara, qara qız. Qaşı qara, qara qız. Gözü qara, qara qız. Qaşı qara, qara qız. Gözü qara, qara qız.

Söyüşün hansı sözdə olduğunu axtarırdım. Tapa bilmirdim. Artıq səbrim daşmışdı. Qutuya qoyulmuş böcəyə bənzəyirdim. Avaralar ağızlarını aralayıb hırıldayırdılar. Çayxanada oturanlar gülürdülər. Gələnlər, keçənlər söz atırdılar.

Kişi çayın pulunu ödəyirdi. Ayağa durdu. Arvadı qoltuğuna vurdu. Gözü məndə idi. Baxışları qarabaqara məni izləyirdi. Yanımdan keçəndə son sözünü dedi:

– Bu g.... qara mahnını Afrikada oxuyarsan. Burda neqr yoxdu.

O gündən oxumağın daşını atdım.