Söz adamlarının sözlə səhv etmək haqqı

soz-adamlarinin-sozle-sehv-etmek-haqqi
Oxunma sayı: 1426

Dünya Sakit

Azərbaycan xalqı dəyərlərə həmişə hörmətlə yanaşıb. Sovet hakimiyyətinin ən repressiv illərində belə ocaq, pir sayılan evlərə, insanlara hörmətin qarşısını almaq mümkün olmayıb. İnsanların inancı o qədər güclü olub ki, kommunist rejimi də pirlərin ziyarətinin qarşısını birdəfəlik almağı bacarmayıb. Mən bütün kəndimizin Sovxoz maşınlarına minib Ermənistanla sərhəddə yerləşən ocağı ziyarət etməyə getdiyinin dəfələrlə şahidi olmuşam. Hətta milisdə işləyən şəxslər vardı ki, camaata qoşulub ziyarətgaha gedirdilər. 

O dövrdə olduğu kimi, indi də xalqın, cəmiyyətin ən müxtəlif təbəqələrinin birmənalı sevgisini qazanan, qəlbində yaşayan insanlar var. Belə insanlara qarşı ən xırda tənqid belə qıcıq yaradır, aqressiya ilə qarşılanır. Bunu hamımız bilirik, bir çox hallarda dəyərləşmiş insanların yanlış  hesab etdiyimiz  hərəkətlərini görməzdən gəlirik - əlbəttə, əgər o hərəkət böyük mənfi nəticələr vermirsə. Ürəyimizcə olmayan nəsə baş verdikdə də bunu mümkün qədər ütülü, ölçülü-biçili ifadə edirik. Çünki qarşıdakının dəyərini həm bilirik, həm də gözləyirik. 

Lakin son vaxtlar dəyərləşmiş insanlarımıza, elə dəyərlərimizin özünə qarşı təhqir diliylə danışan, mövqeyini təhqirlə ifadə edənlərin sayı getdikcə artır. Halbuki təhqir nəinki dəyərli şəxsiyyətlər, ən dəyərsiz sayılan birinə qarşı belə qəbul olunmayan əməldir. Əlbəttə, qətiyyən bununla dəyərli insanlar tənqid olunmalı deyil demək istəmirəm, bu fikirdə də deyiləm. Heç kim tənqiddən birmənalı qorunmalı deyil, səhv etmək insan oğluna xas olan cəhətdir. Kimisə özünü, yaradıcılığını, hansısa  fəaliyyətini bəyənməmək, bunu açıq şəkildə ifadə etmək olar. Amma təhqirlə tənqidi bir-birindən ayırmağı hər kəs bacarmalıdır, illah da ki, qələm adamları. O adamlar ki, sözlə çörək qazanırlar, o adamlar ki, peşəkarlıqları sözün həqiqi mənasında, sözlə oynamaq bacarıqları ilə ölçülür. Belə adamlar heç vaxt təhqirlə tənqidi qarışdırmırlar, onların yerini səhv salmırlar. Belə adamların yazdıqları elə yazmaq istədikləri olur bir qayda olaraq. Ona görə də bu şəxslərin nəsə yazıb sonradan “səhv etmişəm” demələri qətiyyən səmimi qəbul olunmamalıdır…

Dəyərli şəxsiyyətləri təhqir etmək nə qədər qəbahətdirsə, onlara özlərindən daha artıq təhqirlə cavab vermək də bir o qədər ədəbsizlikdir. Xüsusilə də söhbəti qadın-uşağın üstünə gətirmək nə ədəbə sığır, nə əxlaqa, nə mədəniyyətə, nə də ümumiyyətlə, insanlığa. 

Ümumiyyətlə, son zamanlar insanımız ciddi bir özünüifadə  problemi yaşayır desəm, səhv etmərəm yəqin ki. Nə sevincimizi sevinc kimi, nə kədərimizi kədər kimi, nə qəzəbimizi qəzəb kimi normal ifadə edə bilmirik. Heç yaltaqlığı, yarınmağı da yerində etməyi bacarmırıq. Necə deyərlər, hər şeyin şorunu çıxardırıq. Sanki içimizdə bir himə bənd olan aqressiya vulkanı yatıb. Ən xırda bir fürsətdəcə açıb tökürük aqressiyamızı bayıra. Bu gün bu hal sosial şəbəkələrdə xüsusilə qabarıqdır. Bəlkə də ona görə ki, ən müxtəlif xarakterli insanların bir araya gəldiyi yeganə məkandır. Normalda ziddiyyətli xarakterlərin toqquşması bir çix hallarda kəskin fikirlərin ortaya çıxmasına gətirib çıxara bilər. Amma birmənalı olaraq, bütün müzakirələr, rəylər ədəb qaydaları gözlənməklə aparılmalı, yazılmalıdır. Çox təəssüflər olsun ki, biz artıq getdikcə daha çox ədəb qaydalarımızın undulması şəraitində aparılan müzakirələrin şahidi olmaqdayıq. İçimizdəki aqressiya, qəzəb bizə imkan vermir normal fikir bildirib, polemika aparmağa. Bu isə aqressiyamızı daha da artırır, bizi mənəvi xaosa sürükləyir. 

Mənə elə gəlir ki, hər şeyi mənəvi dəyərlər çərçivəsinə qaytarmağın vaxtı keçmək üzrədir…