“Sözsüz ki, kefsizik” - Yurçeviç

sozsuz-ki-kefsizik
Oxunma sayı: 2066

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Litva yığması ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə sabahkı matçla bağlı fikirlərini bildirib.

- Xorvatiya ilə matçdan bir neçə gün keçəndən sonra soyuq başla demək istəyirəm ki, futbolçuların performansı pozitiv idi. Buna görə xoşbəxtəm. Yaxşı nəticə ilə qayıda bilərdik. Sözsüz ki, bir az kefsizlik var. Bizi böyük sensasiyadan cəmi 10 dəqiqə ayırdı. Həmin matçdan sonra bir çox pozitiv şeylər meşahidə etmişəm.

Sabahkı matç yoldaşlıq xarakterli olsa da, bizim üçün vacibdi. Müsbət performansdan sonra müsbət nəticəyə ehtiyacımız var. Futbolçuların hamısının əhvalı getdikcə yaxşılaşır. Sabah yaxşı nəticə olsa, Macarıstan və Slovakiya ilə matçlar üçün daha həvəsli olacağıq. Xorvatiya ilə oyundandan fərqli olaraq heyətdə bir neçə dəyişiklik edəcəyik. Futbolçuların hamısına şans vermək istəyirik.

- Hansı dəyişikliklər gözlənilir? Ümumiyyətlə, heyəti indidən açıqlaya bilərsiz?

- Normalda dəyişikliklərin olması təbii haldı. Ona görə yox ki, son matçda kiminsə oyunundan narazı qalmışam. Sadəcə, daha gümrah futbolçulara şans verməliyik ki, onların da nəyə qadir olduğunu görək. Son görüşdə bütün futbolçuların performansından razıyam. Xorvatiya ilə ağır oyundan sonra elə də ciddi məşq edə bilməmişik, sadəcə, bərpa keçmişik. Bütün futbolçular hazırdı.

- Favorit olduğumuzu nəzərə alsaq, iki hücumçu ilə çıxış edə bilərikmi?

- Özüm qeyd etdim ki, dəyişikliklər olacaq. Ancaq kimin oynayıb-oynamaması, hansı şəkildə çıxış edəcəyimiz hələ dəqiqləşməyib. Bugünkü məşqdən sonra qərar verəcəyik. Ola bilər ki, iki vinger, bir mərkəz hücumçusu ilə oynayaq. Burda yanımızda olan Ramilin özünü götürsək, həm mərkəzdə, həm oyunqurucu, həm cinahda çıxış edə bilər. Bu, həm də rəqibdən asılıdır.

- Xorvatiya ilə matçda müdafiədən oynamaq məcburi idi. Bəs, millinin hücum potensialını necə görürsüz?

- Ümid edirəm ki, hücum futbolu oynaya biləcəyik. Təbii ki, bu rəqiblər eyni deyil. İstənilən halda, bizim üçün kompaktlıq vacibdi. Hücum oyunu rəqibdən də asılıdı. Daha çox çalışacağıq ki, topa sahib olaq. Bu, bizim məqsədimizdi. Mənim üçün çox vacibdi ki, Xorvatiya kimi böyük olmayan komandaya qarşı futbolçularımı daha yaxından tanıyım.

- İlk dəfədi bir baş məşqçinin mətbuat konfransında vərəqdə qeydlər apardığını görürəm. Nələri qeyd edirsiz?

- Ağlıma gələn kombinasiyaları qeyd edirəm. Bütün bunlardan nələr çıxacağını qarşıda görə biləcəyik.

- Millinin “sükanı arxası”nda ilk ev oyununuzdu. Xorvatiya ilə matçdan sonra isə azarkeşlərdə bir ümid yaranıb. Onlara demək istədiyiniz bir şey varmı?

- Hər şeyin müqabilində realist olmalıyıq. Son rəqibimiz dünya ikincisi idi. Ancaq biz fərqli dünyadayıq. Ancaq komandamız belə rəqibə qarşı 1 xala yaxın idi. Vəziyyətin belə olması optimist olmağa əsas verir. Sabahkı rəqibimiz də yaxşı komandadı, amma Xorvatoya deyilə İndiyə qədər baş verənlərlə bağlı komandama ancaq kompliment deyə bilərəm. Amma futbolda hər an hər şey dəyişə bilər. Ona görə qələbə qazanmaqla yaydakı rəsmi oyunlara daha yaxşı motivasiya qazanmaq istəyirik.

- Sabah yenə qapıda Səlahət Ağayev olacaq?

- O, bizim əsas qapıçımızdı.

- Kamran Ağayevin yoxluğunda kapitan Maksim Medvedev idi. Bu, müvəqqətidi?

- Xeyr. Bu, artıq müəyyənləşib. Qalan şeylər isə spekulyasiyalardı. Onlar barədə danışmaq istəmirəm.