“Şpilka” sözü “ipəzor” oldu

spilka-sozu-ipezor-oldu
Oxunma sayı: 16445

Azər Qismət

Mənim dilçi alimlərə böyük hörmətim var. İnanın ki, ötən əsrin 60-cı illərində onların əməyi sayəsində Azərbaycan türkcəsi digər türkdilli xalqların dilindən xeyli fərqləndi, yad elementlərdən kifayət qədər təmizləndi. Amma bəzən sözlərin dilimizə tərcüməsi nisbətən gülməli alınır. Bəlkə düz demirəm. Hər halda birtəhər çıxır.

Elə götürək “şpilka” sözünü. Neçə illərdir ki, bu söz tərcümə olunmamış qalmışdı. Uşaqlıqdan böyüyənə qədər bu sözün qarşılığını bilmədən adi qaydada evdəkilərdən eşidirdim. Mən böyüdükcə bu söz də böyüyürdü. Nəhayət, onun dilimizdə qarşılığı tapıldı. “Şpilka” oldu “ipəzor”. Bilmirəm, “şpilka” ipə zor tətbiq edir, yoxsa ip onun zorakılığından əziyyət çəkir, hər halda tərcümə birtəhər alınır. Ola bilsin iplə “şpilka” arasında gözlə görünməyən nəsə baş verir, amma hər halda ən azından “paltar sançağı” kimi dilimizə çevirmək olardı. Bir də ki “şpilka” ilə adi pencəyi də asmaq olar. Şərt deyil ki, o, yalnız ipdən yapışıb ona əziyyət versin.

Yaxud, götürək uşaqların qışda qarı yumrulayıb “снеговик” düzəltmələrini. Bildiz də söhbət nədən gedir? Yumrulayıb burnuna yerkökü, başına vedrə keçirdiklərini deyirəm. Onun qarşılığını belə ediblər: “qar adamı”. Amma çoxları onun ikinci qarşılığını bilmir. Zadornov demişkən: hazırsız? Onun ikinci adı “Qartoppuş”dur. Ada bax: qartoppuş. Bəlkə, uşaqları güldürmək üçün belə ediblər, hər halda bu sözün qarşılığı həm də böyüklər üçündür.

Sözlər dilimizə elə çevrilməlidir ki, əvvəlki sözün dünyası dağılmasın, yaratdığı abu-hava məhv olmasın. Təkcə bircə sözün anlaşılmaz qarşılığı hər şeyi korlaya bilər. Elə götürək “ofisiant” sözünü. Restoranda yemək sifariş verib həmin sözün işlədilməsi adama necə də xoş təsir edir: “Ofisiant, zəhmət olmasa mənə əncir qurusu və pendirli piroq gətirin”. O da soruşur ki, “1964-ci ilin şərabını gətirimmi?”. Sən də inadkarlıqla deyirsən ki, “yox, onu gətirmə, çünki 1964-ci ildə Şərqi Fransanın üzüm bağlarına xəstəlik düşmüşdü”. “Ofisiant” sözünün sehrli dünyası necə də gözəldir. Onu səsləndirməklə özünü Avropada hiss edir, onun zəngin və qədim kulinariyasının içində gəzib-dolanırsan. 19-cu əsrdə Fransada ilk dəfə işlədilən bu sözün mənası “xidmət edən”dir. Üstündən 100 il keçəndən sonra “ofisiant” sözünün qarşılığı bizim dildə belə verildi: “Süfrəçi”. Bəlkə də həmin anda Fransada o sözü işlədən kişi qəbirdə 77 dəfə fırlandı.

Elə sözlər var ki, onların sözlərinin qarşılığını vermək şərt deyil. Necə ki, məşhur filmləri tərcümə etmirlər. Əgər tərcümə etsələr onun sistematikası pozular, film gözdən düşər. Eləcə də “ofisiant” sözünü “süfrəçi” etməklə restoranda olduğun anda yaşamaq istədiyin dünya kökündən laxlayır. Halbuki, “ofisiant” sözü ilə özünü xoş aurada, fərqli və qəlb dincliyi tapdığın bir məkanda hiss edirdin. Təsəvvür edin ki, restorana gəlirsən və artıq bayaqkı ovqatla sifariş verə bilmirsən. Bayaqkı zövqlə deyə bilmirsən ki, “Süfrəçi, ordan mənə əncir qurusu və pendirli piroq gətirin”. Deməli, bir söz nələrə qadirmiş.

Bəzən dilçilərimiz elə düşünür ki, leksikonumuza daxil olan hər bir sözün qarşılığını verməklə işlərini bitmiş hesab edirlər. Əlbəttə, qarşılıq tapılmalıdır. Amma sonrakı hesabat ondan ibarətdir ki, bu söz xalq tərəfindən qəbul olunacaqmı? Xalq - leksikonumuza daxil olan sözlə onun qarşılığı arasında nəsə uyğunsuzluq görəndə dildə tətbiq etmir, özünə yaxın buraxmır. Çünki qorxur ki, onu başa düşməz və gülərlər. Məsələn, kağızları bir-birinə tikən avadanlığı götürək. Onun adını “dəlgəc” qoyublar. Tam məntiqəuyğun qarşılıqdır. Çünki avadanlıq kağızı dəlir və bir-birinə keçirir. Belə sözlər dildə tez tətbiqini tapır. Lakin qadın sürücülərə “süranə” adı verilməsi isə tətbiqini gec tapır. İndiyə qədər bir kimsə qadın sürücüyə “süranə” deməyibsə, yaxud deyəndə uğunub gülübsə, deməli, daha məqsədəuyğun qarşılıq tapılmalıdır. Necə ki, “skvoznyak” “yelçəkən”, yaxud, “xolodelnik” “soyuducu” olanda yaxşı anlaşılır və dildə öz tətbiqini sürətlə tapır.

Ancaq bağışlayın, mən heç vaxt “kupalnik” sözünü “geyçim” kimi işlətməyəcəyəm. Sözə bax, “geyçim”.