SSRİ-nin birinci xanımları- - Fotolar

ssri-nin-birinci-xanimlari-
Oxunma sayı: 5956


“Qafqazinfo” modern.az-a istinadən SSRİ-nin çox da məşhur olmayan birinci xanımları haqqında yazını təqdim edir.

Vladimir İliç Leninin həyat yoldaşı Nadejda Krupskaya kifayət qədər ciddi bir qadın olub. O, öz dövrünün dəbinə imperializmin məhsulu kimi baxıb. Ölkənin ictimai-siyasi həyatında ciddi fiqur kimi tanınan Krupskaya heç vaxt dəblə geyim haqqında düşünməyib. Birinci ledi qadın kimi səliqəsinə də diqqət yetirməyib. Onun paltosundakı düymələrin ayrı-ayrı olması və ya üst geyimlərində düymələrin ümumiyyətlə olmaması tez-tez müşahidə olunub. Krupskaya xörək hazırlamaq və digər mətbəx işlərini görməyi də bacarmayıb. Ən yaxşı halda o proletariatın rəhbərini yumurta qayğanağı ilə yola verib. Vladimir İliçin xörək və qidalanma məsələsi ilə başqa qadınlar məşğul olub. Bəlkə də Leninin olduqca gözəl və dəbli olan İnessa Armanda vurulmasının səbəbi Krupskayanın qadın kimi yararsızlığı və yarıtmazlığı olub.

İosif Stalinin həyat yoldaşı Nadejda Alliluyeva cəmiyyət arasında nadir hallarda görünsə də inadkarlığı və siyasi fəallığı ilə fərqlənib. O milli məsələlər üzrə xalq komissarlığında çalışıb, həmçinin “İnqlab və mədəniyyət” və “Pravda” qəzetləri ilə əməkdaşlıq edib. Nadeyda Alliluyeva Sənaye Akademiyasında Nikita Xruşov ilə eyni qrupda təhsil alıb. O dəblə geyinməyi, Avropada istehsal olunmuş geyimləri xoşlayıb. Ancaq həmin dövrdə SSRİ-də belə qərb dəbi hansısa bir mənada satqınlıq kimi qəbul olunub. Stalin dövründə məmur xanımlarının geyiminin bağlı və ciddi olması ideal qadın geyimi sayılıb. Digər bir tərəfdən isə Stalinin bu məsələ ilə bağlı fikri qadınların dəb məsələsinə konkret aydınlıq gətirib: “Qadınlar öz cazibədarlığı ilə kişiləri kommunizm quruculuğundan yayındırmamalıdırlar”. Stalinin bu qadağa dolu fikirlərinə baxmayaraq onun məşuqələri ən dəblə geyinən qadınlar olub. Nadejda Alliluyevaya isə bütün qadağalar yetərincə tətbiq olunub. 1932-ci ilin noyabr ayının 8-dən 9-a keçən gecə SSRİ-nin birinci xanımı özünü güllələyib. Onun müəmmalı ölümü ilə bağlı digər versiyalar da mövcuddur.

Nikita Xruşovun həyat yoldaşı, SSRİ-nin növbəti birinci ledisi Nina Kuxarçuk sadə insan, qayğıkeş həyat yoldaşı və mehriban ana kimi xatırlanır. O öz səmimiyyətinə görə sovet qadınlarının sevimlisi olub. Öz dövrünün digər birinci xanımları ilə müqayisədə Nina Kuxarçuk ən zövqsüz geyinən xanım olub. O, Baş katibin həyat yoldaşından daha çox adi bir kəndlinin həyat yoldaşını xatırladıb. Birinci xanım uzun illər komsomol və partiya orqanlarında çalışıb, fransız və ingilis dillərini mükəmməl bilib. Nikita Xruşov ölkə rəhbərliyinə gəldikdən sonra SSRİ-nin birinci xanımları arasında Nina Kuxarçuk ilk dəfə olaraq baş katibi xarici səfərlərdə müşaiyət edib. O Xruşovun üçüncü həyat yoldaşı olub. Nina Kuxarçuk 1984-cü ildə Moskvada vəfat edib.

Lonid İliç Brejnevin həyat yoldaşı Viktoriya Brejneva birinci ledi statusunu formal olaraq daşıyıb. O nə siyasətlə məşğul olub, nə də baş katibi xarici səfərlərdə müşaiyət edib. Viktoriya Brejneva geyim və dəb məsələlərində sovet standartlarından kənara çıxmayıb. Birinci ledi texnikum təhsili ilə kifayətlənərək tibb bacısı peşəsinə yiyələnib. Brejnevin nazı ilə oynamağa özündə güç tapan Viktoriya Brejneva digər bir tibb bacısının, Leonid İliçin məşuqəsi olan Ninanın öhdəsindən gələ bilməyib. Əyləncələri çox da sevməyən baş katibin xanımı vaxtını daha çox mətbəxtdə keçirib. Ömrünün son illərini tənha və xəstəliklərlə keçirən Viktoriya Brejneva 1995-ci ildə vəfat edib.

Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova SSRİ-nin birinci xanımlarının passiv ictimai fəaliyyət ənənəsinə son qoyub. Birinci ledi öz statusunun imkanlarından qədərindən də çox istifadə edib. Fəal ictimai fəaliyyəti ilə Raisa Qorbaçova qısa bir müddət ərzində birinci ledi imicini yaratmağı bacarıb. O demək olar ki, həyat yoldaşını bütün xarici səfərlərdə müşaiyət edib. Bununla yanaşı SSRİ-yə səfərə gələn yüksək çinli qonaqların qarşılanmasında və görüşlərdə də iştirak edib. Ona qədər belə görüşlərdə iştirak Valentina Tereşkovaya həvalə olunurmuş. Yüksək zövqlə geyinən Raisa Qorbaçova öz dəbi ilə xarici həmkarlarını təəcübləndirməyi də bacarıb. Bir sıra fondlara və ictimai təşkilatlara rəhbərlik edən birinci ledinin bəzən gizli, bəzən də açıq şəkildə siyasi proseslərə müdaxilə etməsi də sonradan məlum olub. 1999-cu ildə Raisa Qorbaçovada ağır qan xəstəliyi olan leykoz aşkarlanıb. Bütün imkanlardan istifadə olunsa da onu xilas etmək mümkün olmayıb və elə həmin ildə də vəfat edib.