“SSRİ vaxtında sərhədlər çox güclü qorunurdu”

ssri-vaxtinda-serhedler-cox-guclu-qorunurdu
Oxunma sayı: 1800

“BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyəsi və aidiyyatı məsələlər üzrə alt komissiyasının 52-ci sessiyası narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə öz dəyərli töhfəsini verəcək. Beynəlxalq birliyin qəti iradəsini bir daha  nümayiş etdirərək səylərimizi səfərbər edəcək”.

“Qafqazinfo” xəbər  verir ki, bunu baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyəsi və aidiyyatı məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasında deyib. O, bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq problemi elə bir dünyəvi bəladır ki, heç bir ölkə təklikdə bu problemin qarşısını almaq iqtidarında deyil: “Ona görə də ölkəmiz dünya ölkələri , xüsusilə də qonşu ölkələr və beynəlxalq təşkilatlarla informasiya və təcrübə mübadiləsinə üstünlük verir. Bu istiqamətdə görülən işlərdə BMT-nin qurumları ilə əməkdaşlıq üstünlük təşkil edir”.

Baş nazirin müavini xatırladıb ki, SSRİ vaxtında bizim dövlət sərhədini SSRİ sərhədçiləri qoruyurdu: “Ədalət naminə demək lazımdır ki, sərhədlər çox güclü qorunurdu. SSRİ sərhədindən narkotiklər keçirmək praktiki olaraq mümkün deyildi.  Daha sonra SSRİ dağılandan sonra o sərhədlərin hamısını dağıtdı. MDB ölkələri özlərinin sərhədlərini bərpa etməyə başladı. İlk əvvəllər iqtisadi imkanlar zəif olduğundan bu məsələdə çətinliklər var idi. O dövrdən etibarən Azərbaycana narkotik daxil olma prosesi başladı. Beynəlxalq narkomafiya bu sərhədlərin dağılmasından çox məharətlə istifadə edərək demək olar ki, Azərbaycanda yeni bir tranzit marşrut açdı. 

Hazırda bizim sərhədlərimiz gücləndirilib. Sərhədlərimizdə ən müasir kommunikasiyalar və texnologiyalar quraşdırılıb. Bütün bu məsələlərə ciddi nəzarət olunur. Deyə bilərəm ki, SSRİ dövründən də yaxşı sərhədlərimiz qorunur. Lakin buna baxmayaraq Azərbaycan da tranzit bir ölkəyə çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə böyük neft və qaz, dəmiryolu layihələri həyata keçirilir. Burada yük daşımalar artıb. Bu da beynəlxalq narkomafiyanın diqqətindən yayınmır. Ancaq bunun da qarşısı hüquq- mühafizə orqanlarımız tərəfindən alınır”.

 Günel Türksoy