Stadion martın sonunadək təhvil verilməlidir

stadion-martin-sonunadek-tehvil-verilmelidir
Oxunma sayı: 635

Arenanın direktoru Akif İsmayılov noyabrın 2-də “Media forum” saytına belə deyib. 1951-ci ildə tikilmiş stadion indi 30 minə yaxın tamaşaçı tutur.

Stadionun təmiri oktyabr ayından başlayıb. Arenanın üstünü bağlamaq, oturacaqları və ot örtüyünü yeniləmək, soyunub-geyinmə otaqlarını, stadionun giriş hissəsini tamamilə dəyişmək və başqa işlər nəzərdə tutulur. İyul ayında prezident İlham Əliyev stadionun əsaslı təmiri və yenidən qurulması üçün Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayırıb.

Akif İsmayılov deyib ki, stadionda tamaşaçı yerlərinin artırılması böyük vəsait tələb edir: “Buna görə də yalnız media təmsilçiləri və qonaqlar üçün ayrılan sektoru genişləndirmək qərarı var. Bununla stadionun tamaşaçı tutumunu iki-üç min artırmaq olar”.

Akif İsmayılov stadionda söküntü işlərinin bitdiyini vurğulayıb: “Biz söküntü işlərini noyabrın axırında qurtarmalıydıq. Amma işin sürətli getməsi sayəsində söküntünü oktyabrın axırına təhvil verdik. Hazırda stadion ətrafının betonlaşdırılması işlərini görürük. Plana görə, 2012-ci il martın 30-na kimi stadionun üstünü örtüb təhvil verməliyik. Amma bir az tez, ya gec də olması mümkündür”.