Stalinin toyuğu

stalinin-toyugu-
Oxunma sayı: 655

Bir- iki gün əvvəl 11 nömrəli avtobusla işə gedərkən hər zaman olduğu kimi yenə 8 ci kilometrdə tıxaca düşdüm. Bazarın yanında avtobusda görməyə adət etdiyim, alnında, iki qaşının ortasında şiş olan, yay-qış ayaqyalın dolaşan oğlan avtobusa daxil oldu və başladı: “aaay anayay bacıyay qaydaaaşday biy köməklik eliyin” deyib bütün imam və seyidlərin adını bir nəfəsə çəkməyə. Pul verəndə oldu verməyən də. Amma bir orta yaşlı kişi qışqırdı oğlanın üstünə, oğlan dərhal avtobusdan düşdü. Oğlan düşüb getdi, amma adam coşmuşdu artıq: “Əslində dilənçilik də rüşvətxorluqdur. İnsanlar bir -birini çox iyrənc şəkildə istismar edir. Dilənçilik elə dilənçilikdi. Fərqi yoxdu bunu edən ya “yuxarı” təbəqədi, ya “aşağı” təbəqə”. Adam haqqlı idi. O deyirdi ki, insanlar rüşvətxorluğu özləri yaradır.

Məsələn, dilənçilərə pul vermək ona yardım etmək demək deyil. Onu müftəxorluğa alışdırmaqdır. Eləcə də “yuxarı”lar belədir. “Məslən bir idarəyə arayış üçün gedirsən sənə bir arayışı 5 manata satırlar. Bəli bəli satırlar. Çünki bunun başqa bir adı yoxdur. Amma biz buna göz yumuruq, susuruq. Sakitcə başımızı aşağı, əlimizi də cibimizə salıb 5 manatı çıxardıb qoyuruq masalarının üstünə. Hələ orta məktəbdə müəllimləri demirəm. Yerə soxum o cür müəllimləri”. Dərhal yerdən bir qadın dillənir “Neyləsin ey müəllimlər? Nə maaş alırlar ki”. Kişi elə bil bu atmacaya bənd imiş: “Necə yəni neyləsinlər? Haqqlarını hökümətdən tələb etsinlər. Dilənçilik etməsinlər. O müəllimlərin dərs dediyi şagirdlər heç vaxt gələcəyin vicdanlı müəllimi, polisi, həkimi, məmuru ola bilməz. Necə ki, ola bilmir. Çünki şagird məktəbdə 45 dəqiqəlik dərsin 30 dəqiqəsini pula həsr olunmuş “mühazirə” dinləyir. Həkimə gedirsən dövlət xəstəxanasında səni soyub soğana çevirirlər. Tibb bacısının cibinə 3-5 manat dürtüşdürməsən sənə iynə vurmaq hayında olmur. Hamısı bir söz deyir. “Bizdən də alırlar”. Belə çıxır ki, mənim pulum olmasa mən ölməliyəm də. Vicdan deyə bir şey qalmayıb ”. Baxmayaraq ki, mən məktəbi 8 ildir bitirmişəm mənə hələ də məktəblərdə jurnal pulu, süpürgə pulu yığılması təəccüblü gəldi. Vicdan demişkən ayaqüstdə dayanıb diqqətlə söhbətə qulaq asan başqa bir sərnişin istehza ilə Qafqazın Şeyxinin vicdanla bağlı söylədiyi nitqindən də əlüstü bir sitat gətirdi. “Bekarsan ey deyirəm. Dinin başında duran adam mən 32 ildir ki, şeyxəm hələ də vicdanın nə demək olduğunu bilmirəm deyirsə sən ayı yeyənlərdən hansı vicdanı gözləyirsən”. Vicdanım haqqı elə belə də dedi. Hərçənd ki, elə bilirdim ki, Şeyxin sözünü mən yalnış anlamışam. Adam insanların başlarını toyuq kimi aşağı salıb bu axına qarışmasına etiraz səsini elə bir yüksəltmişdi ki, sürücüyə də ləzzət eləmişdi, sərnişinlərə də. Bütün avtobus sərnişinləri kişi danışdıqca başları ilə onun dediklərini təsdiqləyirdilər.

Kişi toyuq deyəndə yadıma insanlıq tarixinin ən sadist liderlərindən olan Stalinin məhşur “Toyuq” hekayəsi düşdü. Çox güman ki, bu hekayəni əksəriyyət oxucular bilir. Stalin bir gün Kommunist partiyasının üzvləri ilə yeyib içir və birdən partiya üzvlərinə sual verir ki, “Xalqın rəhbərliyə qeyri-şərtsiz itaət etməsi və liderin hər dediyini təsdiq etməsi üçün nə etmək lazımdır?” . Cavablar müxtəlif olur, lakin heç biri Stalini qane etmir və o gözətçiyə ona bir toyuq gətirməsini əmr edir. Toyuq gətirilir və Stalin başlayır toyuğu çığırda-çığırda yolmağa. Bütün tüklərini yolub toyuğu qan içində yerə buraxır. Toyuq çölə qaçır tüksüz olduğu üçün üşüyüb geri qayıdır. Ocaqda qızınmaq istəyir bu dəfə də tükü olmadığı üçün dərisi qarsılır. Naçar gəlib girir Stalinin iki ayağının arasına. Stalin cibindən dən çıxardıb toyuğun qabağına səpir. Stalinin əlindən yemlənən toyuq artıq o hara yönəlsə ardından getməyə başlayır. Stalin onu heyrətlə izləyənlərə tərəf çevrilib deyir ki “Gördünüzmü? Xalq dediyiniz bax bu toyuq kimidir. Tüklərini yol və sərbəst burax. O zaman onları bir ovuc yemlə idarə etmək mümkündür”.

Bu hadisə nə qədər doğrudur bilmirəm, amma günümüzün reallığına çox bənzər bir mənzərədir. Baxmayaraq ki, SSRİ dağıldı, Stalində çoxdan cəhənnəmə vasil oldu və diktatorluq bitdi. Amma onun yerinə demokratlıq gəldi. Demokratlıq da bizi tükləri yolunacaq, özlərindən başqa sığınacaq bir bucağı olmayacaq və xırda-xuruş şeylərlə itaət olunacaq toyuqlar kimi görür. Təbii ki, avtobus tıxacdan çıxıb Heydər Əliyev prospekti ilə hərəkət edərkən də adam hələ danışırdı. Deyirdi ki, bu xalqın özündən başqa heç kim onu müdafiə etməyəcək. Bu cəmiyyət görən kor, eşidən kar, danışan laldır. Əslində o kişi çox şey haqqında danışdı. Məsələn mən bilmirdimki, dövlətin ümumi büdcəsi əslində 20 milyarddır, ancaq onun yalnız 5 milyardı xalqa sərf olunur, 15 milyardının taleyi isə naməlumdur. Deputat seçkilərində necə saxtakarlıq edildiyindən, neftdən gələn gəlirlərin necə göyə sovrulduğundan, və sair və ilaxır yana-yana danışırdı. Mən bir şeyi anladım ki, bu gün içində yaşadığımız qlobal problemlərin, böhran və döyüşlərin, aclıq və səfalətin təməl səbəbi elə Qərb mədəniyyətinin demokartiya deyə insanlığa söykədiyi bu demokratorluq anlayışıdır. Bizim də ölkədə bir çox demokratorların qoyduğu imperialist güc mərkəzləri insanların qanını zəli kimi əmməklə məşğuldur və xalqa yalnız Stalinin toyuğuna verdiyi cinsdən yemlər atmaqla kifayətlənməkdədirlər.

Bu yemlərə aldanmayan, tüklərini yoldurmayan siyasətçi və ziyalılar isə başları kəsilməli olan təhlükəli nizam düşmənləri, hətta “vətən xainləri” olaraq təqdim edilir cəmiyyətə. Həqiqi demokratiyaya keçiş isə yalnız Hüququn üstünlüyü qanununun yaranması ilə mümkündür. Hüququn üstünlüyü isə bərabərlik, ədalət, və şəffaflıq ilə reallaşa bilər. Açıq rejimin olmadığı, qaranlıq və çirkli işlərə bulaşanların qorunduğu, bəzi fərdlərinə örtülü də olsa cinayət işləmə şansı verilən bir sistemdə hüquqdan da, ədalətdən də, demokratiyadan da söz edilə bilməz.