STP ilklər siyahısına Danimarkanı da əlavə etdi

stp-ilkler-siyahisina-danimarkani-da-elave-etdi
Oxunma sayı: 1016

Dünya bazarında “Made in Azerbaijan” brendinin ən uğurlu təmsilçilərindən biri olan Sumqayıt Texnologiyalar Parkı  Azərbaycan ixracat tarixində ilklərə imza atmaqda davam edir. Belə  ki,   Texnopark Avropanın inkişaf etmiş ölkələrindən biri olan Danimarkaya müxtəlif növ alüminium  profillərin ixracını həyata keçirdib.  2018-ci ilin noyabrında  Danirmarkanın özəl şirkəti ilə 110 tonluq  alüminium  profil satışı ilə bağlı müqavilə bağlamışdı.  Sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırlanaraq istehsala  başlayan müəssisə dekabrın 8-də sifarişi tamamlayıb və  17 dekabr 2018-ci il tarixdə məhsullar  müştəriyə yola salınıb.  

“Qafqazinfo” xəbər verir ki, 2014-ci ildə istismara verilən STP-nin Alüminium  Zavodu  fasad və standart formada  olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminum məhsulları istehsal olunur. İstifadə olunan xammal alüminium əritmə və pəstahlama sahəsində emal edilir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, mis əritmə sahələri fəaliyyət göstərir.  Sobaların illik məhsuldarlığı 30000 ton,  toz boya sahəsinin aylıq layihə gücü 240 tondur.  Məhsulların istehsalında əsasən Gəncə istehsalı olan yerli xammaldan istifadə edilir. Bu həm məhsulun ucuz başa gəlməsinə, həm də  Azərbaycan iqtisadiyyatında əlaqəli sahələrin inkişafına səbəb olur.    

STP-nin Alüminium Profillər Zavodunun istehsal etdiyi  bütün məhsullar  həm kimyəvi, həm də fiziki xüsusiyyətlərinə görə  beynəlxalq tələblərə tam cavab verdiyinə görə xarici bazarlarda yüksək maraqla qarşılanır.

Beynəlxalq bazarlarda uğurlu satış strategiyası nümayiş etdirən Sumqayıt Texnologiyalar Parkı günümüzə kimi Almaniya, İngiltərə, Danimarka, Rusiya, Türkiyə,  Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrə istehsal etdiyi bir çox məhsulların ixracını həyata keçirməyi bacarıb. Texnoparkın gələcək məqsədləri isə Asiya və Avropa bazarında olan satış əməliyyatlarını artırmaqla yanaşı, Afrika və Yaxın Şərq kimi regionların ölkələrinə də daxil olmaqdır.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Bu sahələr  neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün  geniş  çeşiddə  məhsullarla  təmin edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

Xüsusilə  qeyd etmək lazımdır ki,   STP  500 Kv-luq ifrat yüksək gərginlikli elektrik kabellərinin, Lan və fiberoptik kabellərin, 1200 mm PE  100 borularının regionda  yeganə  istehsalçısıdır. 

Parkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub və istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var.