Strateji Yol Xəritəsi-nin yekun versiyası üzrə müzakirələr keçirilib

Strateji Yol Xəritəsi-nin yekun versiyası üzrə müzakirələr keçirilib
Oxunma sayı: 423

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyəta keçirilir.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı sığortasının inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, xüsusilə Yol Xəritəsində nəzərdə tutulmuş “Kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyinin təkmilləşdirilməsi” və bu sahədə yeni qanun layihəsinin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrindən ibarət olan işçi qrup Beynəlxalq Maliyyə Korporasiyasının mütəxəssisləri ilə birgə bu gün qanun layihəsinin yekun versiyası üzrə müzakirələr keçirib.

Hazırlanan yeni qanun layihəsi ölkəmizdə aqrar sığortanın təkmilləşdirilməsini, müasir aqrar-sığorta modelinin hazırlanmasını, bu sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi-normativ bazanın təşkil edilməsi və texniki bazanın yaradılmasını ehtiva edir.

Sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə müvafiq sahə üzrə maliyyə resurslarına çıxış imkanlarını təkmilləşdirəcək, aqrar sahəyə biznes marağı və investisiyaları təşviq edəcək, eyni zamanda, davamlı inkişaf və dayanaqlılığın artırılmasına, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də kənd təsərrüfatı məhsullarının ixracına birbaşa təsir göstərəcək.

Yeni qanunun tətbiqi nəticəsində kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsini, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini, o cümlədən şəffaf və maliyyə cəhətdən davamlı olan kənd təsərrüfatı sığortası sisteminin fəaliyyəti kontekstində institusional və insan resursları potensialının inkişaf etdirilməsini özündə ehtiva edən sistemin təşkili üçün müvafiq şərait və zəruri texniki bacarıqlar yaradılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi