Su festivalının Qəbələ coşqusu

su-festivalinin-qebele-cosqusu
Oxunma sayı: 632

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 27-də Qəbələ şəhərində davam edib.

"Qafqazinfo" AzərTAC-a istinadən xəbər verir ki, həmin gün axşam saatlarında Heydər Əliyev parkında möhtəşəm su festivalı keçirilib. Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qəbələ sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Qəbələ rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Qəbələ mərhələsinə nəzər salınıb.

Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Nohur gölündən su ilə dolduraraq Heydər Əliyev parkına gətirən taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov, boks üzrə dünya çempionatının qızıl medalçısı Cavid Çələbiyev, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə alqış sədaları altında səhnəyə dəvət olunub. Heydər Əliyev parkında keçirilən festival əsl xalq bayramına çevrilib. “Mirvari” rəqs qrupunun, Qəbələnin “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının çıxışı və musiqiçi Nəcməddin Əliyevin ifası Qəbələ sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.