Su polisindən daha bir uğurlu əməliyyat - Foto+Video

su-polisinden-daha-bir-ugurlu-emeliyyat
Oxunma sayı: 2874

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətlər törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı bir nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, İdarənin rəsmi məlumatında qeyd olunur ki, saxlanılan şəxs 1963-cü il təvəllüdlü  Sabirabad sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə məhkum edilmiş Novruzov Nəvai Əlibala oğludur. Onun idarə etdiyi "Qaz-33021" markalı 54-BX-582 dövlət qeydiyyat nişanlı avtomaşın Saatlı rayon Məzrəli kəndi ərazisində saxlanılıb və  avtomaşının yük yerinə baxış keçirilən zaman qanunsuz yolla ovlanmış 251 ədəd qaşqaldaq və 4 ədəd ördək quşu aşkar edilərək maddi sübut kimi götürülüb. Hadisə İmişli, Saatlı, Sabirabad ərazisində qeydə alınıb.  Ekoloji cinayət törətməkdə təqsirli bilinən Nəvai Novruzov əməlindən peşman olduğunu deyib. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır. Bildirək ki,  Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq  Təsərrüfatı, eləcə də Şərbətgol, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisi olan adları sadalanan məkanlarda bu cür hallar barəsində məlumat daxil olduqda Su Polisinin əməkdaşları tərəfindən dərhal ciddi ölçü götürüləcək.

O cümlədən, Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qırmızı kitaba düşmüş quşları və balıqları qanunsuz şəkildə ovlayanlara qarşı ciddi mübarizə aparılacaq. Cinayətləri törədənlər Azərbaycan Respublikasının CM-yə uyğun olaraq cəzalandırılacaqlar.