Su pulu ödənişləri artıb

su-pulu-odenisleri-artib
Oxunma sayı: 657

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən ilin nəticələrinə əsasən, istehlakçılar istifadə etdikləri içməli suyun və göstərilən kanalizasiya xidmətlərinin 85 faizinin haqqını ödəyiblər. Əhali qrupu üzrə ödəniş səviyyəsi 58,8 faiz, qeyri-əhali qrupu üzrə isə 110,1 faiz təşkil edib.

Prezident İlham Əliyevin 8 aprel 2011-ci il tarixli fərmanı ilə əhalinin 1 fevral 2011-ci il tarixinə olan 294,2 milyon manat məbləğində debitor borcları silindikdən sonra “Azərsu” ASC-də ödənişlərə nəzarət artırılıb. Bunun nəticəsidir ki, təkcə Bakı şəhəri üzrə ödənişləri vaxtında və tam yerinə yetirən abunəçilərin xüsusi çəkisi 74 faizə çatıb. Bununla belə, paytaxt üzrə əhali abunəçilərinin 26 faizi və ya təqribən 146 mini son bir ildə bir manat da olsun ödəniş etməyib. Paytaxtın rayonları arasında ödəniş səviyyəsinə görə ilk yeri Xəzər rayonu tutur. Burada abunəçilərin 90 faizi içməli su və kanalizasiya xidmətlərinə görə ödənişləri vaxtında edir.

“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, heç bir halda su təsərrüfatında nəzarətçilərə nağd pul ödəməsinlər. Ödənişləri bank və poçt şöbələrində, Pay Point ödəniş terminallarında və plastik kartlardan istifadə etməklə internet vasitəsilə aparsınlar.

Nigar Məmmədli