Subay oğlana qoşulub qaçan ərli qadın

subay-oglana-qosulub-qacan-erli-qadin
Oxunma sayı: 11651

Xuraman Hüseynzadə

İntihar edən Bollivud ulduzu Ciax Xana bənzəyən bir qadın yatırdı xalamın gəlini ilə eyni palatada. Uzun saçları vardı, qəhvəyi, uzunsov gözləri. Qarabuğdayıydı...

Bakıda nə qədər yaxın qohum vardısa, xalam gəlininə baş çəkirdi. Beş-altı dəfə də mən yemək apardım ona. Xalam gəlininin palata yoldaşının kimsəsiz olduğunu hər dəfə bir az da artıq hiss elədim: nə yanına gələn vardı, nə halını xəbər alan. Sonuncu dəfə gənc bir oğlanın ona bir dönər, bir litrlik mineral su gətirdiyini gördüm. Utana-utana aldı onları. Təşəkkür eləmədi. Əsəbiydi deyəsən. Vəziyyəti təxmin eləmək elə də çətin deyildi. Nədənsə qadın tənhalığının rəssamı Vincent Giarranonu xatırladım. Düşündüm ki, kaş bu qadını çəkəydi. Fırçasının yaddaşına köçürəydi bu anı...

Xalam gəlini çıxdı xəstəxanadan. O müəmmalı qadınsa hələ bir neçə gün də... utanacaqdı öz tənhalığından.

O qadını soruşdum. Rayondan gəlibmiş. Sevib-seçdiyi əri varmış, bir də 5 yaşlı oğlu. Normal həyat yaşayırmışlar: beşindən aşağı, ikisindən yuxarı. Xoşbəxtmiş. Bir gün necə olursa, şeytanın fitnəsinə uyur. Subay, iş-gücsüz bir oğlanla tanış olur. Ərini, oğlunu atıb düşür xətəxanada ona dönər, mineral su gətirən həmin oğlanın böyrünə, gəlir Bakıya. Ailəsi imtina eləyir ondan, üstəgəl qoşulub qaçdığı oğlanın ailəsi tərəfindən qəbul edilmir. Uşağa qalır. Hamiləliyi normal keçmir. Arlanmayıb da özü ilə gətirdiyi nişan üzüyünü, boyunbağını satıb xəstəxanaya yerləşir ki, dünyaya sağlam övlad gətirsin.

Palatada gecələr qarışıq yuxular görürmüş. Oyanıb ağlayırmış.

Canı qalıbmış balasının yanında.

Ərinin yaxşı adam olduğunu deyirmiş...

Sevib ailə qurubmuşlar.

İndi qalıb odla... od arasında.

Normal ailəsi, övladı olan qadının bu cür addım atmasının səbəbini mən tapa bilmədim, sizi bilmirəm.

Neçə gündü, həmin qadını düşünürəm. Görəsən, necə olacaq onun aqibəti? Bəs onu sevən əri, “ana” deyib ağlayan balası nə edəcək?

Hələ bir tifili də gələcək dünyaya. Bəs onun taleyi?..

Rüsvay olan ailəsini demirəm...