“Sülh həmişə müharibənin nəticəsi olaraq meydana çıxıb”

sulh-hemise-muharibenin-neticesi-olaraq-meydana-cixib
Oxunma sayı: 633


Fransa prezidenti Nikola Sarkozi, G-20 zirvəsində ABŞ prezidenti Barak Obama ilə bir araya gələrək bir neçə mövzu ətrafında müzakirələr aparıb. Müzakirələr zamanı Qarabağ münaqişəsinə münasibət bildirən Nikola Sarkozi, İlham Əliyevin bu məsələni həll etmək üçün gələn il müharibə etmək istədiyini bildirib. Müharibə ehtimalı nə qədər realdır? Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli ilə söhbətləşdik.


- Qarabağ münaqişəsinin həllini necə görürsüz?

- Qarabağ müharibəsində Azərbaycan qələbə qazansa da, müxtəlif dövlətlərin təzyiqi və Rusiyanın birbaşa müharibə tərəfi olması ilə əlaqədar siyasi baxımdan məğlub duruma salındıq. Artıq 17 ildir ki atəşkəs elan olunub. Buna baxmayaraq Azərbaycan 17 ildə yüzlərlə Şəhid verib. Münaqişənin sülh yolu ilə həll olunması qeyri-mümkündür. Sülh həmişə müharibənin nəticəsi olaraq meydana çıxıb. Biz müharibəyə başlamalıyıq ki, ermənilər də məcbur olub və ya etdirilib sülhlə razılaşsın. Sülh deyəndə, söhbət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ölkəyə nəzarətin tam ələ alınmasından gedir. İqtidarda kimin olmasından aslı olmayaraq istənilən qüvvə Qarabağın geri qaytarılmasında maraqlı olmalıdır. Hazırda ölkəmizdə vəziyyət elədir ki, kim Qarabağı geri qaytarsa, xalq həmin qüvvənin ətrafında daha sıx birləşəcək. Çünki eyni sözlərin eşidilməsindən bezmiş xalq əməli olaraq real addımların atılmasını istəyir. Bunun üçün müharibə elan olunmalıdır. Müharibənin elanı üçün ilk addım isə ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Bu qurum münaqişənin uzadılması və əlavə pul yeyintisi üçün bir mənbədir.

- Sizcə Azərbaycan iqtidarının müharibə ehtimalı gerçəkləşə bilərmi?

- Öncə qeyd etdim ki, hər qüvvə, xüsusilə iqtidarda olan partiya üçün Qarabağ torpaqlarının qaytarılması böyük nailiyyətdir. Sabah lap Yeni Azərbaycan Partiyası iqtidarda olmasa belə, bu böyük uğur onun tarixinə qırmızı hərflərlə yazılacaq. O ki, qaldı mövcud iqtidarın müharibə ehtimalına, onu deyim ki, hazırda hakimiyyətdə olmasına baxmayaraq, dövləti təmsil etməsinə baxmayaraq YAP-ın Qarabağ münaqişəsi ilə bağlı prinsipiallığı özünü müxalifət kimi təqdim etməyə çalışan bir sıra “radikallar”dan çox güclüdür. 17 ildir saysız danışıqlarda iştirak edən mövcud iqtidar nümayəndələrinin özləri də bu oyunlardan beziblər. Bunu hər danışıqdan sonra mətbuata açıqlamalarında görmək mümkündür. Azərbaycan hərbi baxımdan Qafqazın ən güclü ölkəsidir. Müharibə başlayacağı təqdirdə iqtisadi ehtiyatlar baxımdan da problem yaşanmaması üçün məsələlər həll olunub. Müharibə heç ehtimal da deyil. Bunu o qədər də şişirtmək lazım deyil. “Azərbaycan öz ərazisində terrorizmə, narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirlərini gücləndirir” bəynatı verib terrora qarşı hərbi əməliyyatları bərpa etmək lazım.

- Müxtəlif müxalifət nümayəndələri müharibənin hazırk; iqtidarla mümkün olmayacağı fikrini səsləndirilər...

- Mən çox təəssüf edirəm ki, bəzi xaricdən qrant alıb Azərbaycan dövlətçiliyinə düşmən kəsilən müxalifət nümayəndələri var. Əslində 5-10 nəfərdən ibarət olan və bir neçə beynəlxalq təşkilatın öz marağı çərçivəsində istinad etdiyi bu kimi qüvvələri heç müxalifət də adlandırmaq doğru deyil. Onlar sadəcə pul aldıqları ölkələrin qeyri-rəsmi səfirliyi, lobbisi və yaxud hər hansı bir nümayəndəlikləridir. Əgər Azərbaycan hakimiyyəti müharibə fikri səsləndirib onun üzərində qərar tutursa, deməli illərdir bizim istəklərimiz dövlət səviyyəsində gerçəkləşməyə başlayır. Siyasi əqidəsindən asılı olmayaraq hər kəs bu ətrafda birləşməlidir. Kim fərqli mövqe ortaya qoyursa deməli həmin şəxsin və ya təmsil olunduğu qüvvənin maraqları milli və dövlət maraqlarından çox uzaqdır. Bir sözlə, biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq mövqeyimiz açıq və aydındır. Müharibənin nə zaman elan olunub və ya olunmayacağından asılı olmayaraq, insanların düşüncəsində döyüş istəyinin, döyüş ruhunun formalaşdırılması üçün mücadilə veririk. Çünki döyüşçü olaraq bizim hər günümüz cəbhədədir.

Söhbətləşdi: Nicat Cəmilzadə Türksoy