“Sumqayıtda 15 minlik stadion inşa olunacaq”

sumqayitda-15-minlik-stadion-insa-olunacaq
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. Federasiya rəhbəri vurğulayıb ki, əvəzedicilər, eləcə də aşağıyaşlı futbolçulardan ibarət komandalar arasında ölkə çempionatının keçirilməsindən sonra gənclərin komandalara cəlb edilməsində xeyli irəlilyəyiş var: “Bu sahədə çalışırıq. Ancaq bizim də imkanlarımız məhduddur. AFFA-nın klub yaratmağa və onu maliyyələşdirməyə ixtiyarı yoxdur. Ancaq klublarımıza hərtərəfli köməyi əsirgəmirik. Hər bir regionda bu istiqamətdə işlər görülür, yarışlar keçirilir, yeni stadionlar, meydançalar tikilir. Bu yaxınlarda Ağsuda yeni stadionun açılışı oldu. Çalışırıq ki, orada da klub yaradılsın. Digər bölgələrdə də işlər görülür. Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanıb. Gələn ilin əvvəlindən Sumqayıtda 15 minlik yeni stadionunun inşasına başlanacaq. Bu, Sumqayıtda futbolun inkişafına böyük təkan verəcək.

AFFA prezidenti Gəncə şəhər stadionunun da yenidən qurulması üçün layihə hazırlandığını bildirib: "Eyni zamanda, Gəncə şəhər stadionunun yenidən qurulması məqsədilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaq. Bundan başqa, Bakıda, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən 15 minlik stadionun tikintisi tez bir zamanda yekunlaşacaq. Stadion 2012-ci ildə keçiriləcək U-17 qadınlararası dünya çempionatına qədər hazır olmalıdır. 20-ci dairə adlanan ərazidəki stadionda da yenidənqurma işlər görülür. Gələn ilin ortalarınadək 5 minlik stadion futbolçuların ixtiyarına veriləcək”.