Süni mayalanmış başlar

suni-mayalanmis-baslar
Oxunma sayı: 2510

Raminə Eyvazqızı

İllər əvvəl bir yerli TV kanalının rəhbəri ilə böyük mübahisəmiz olmuşdu. Səbəb həmin "kişi"nin uşaq dünyaya gətirə bilməyən qadını heyvanla müqayisə etməsi idi. Çox eybəcər mübahisədə anlamışdım ki, bəzi insanların subyektiv fikirlərinə hörmətlə yanaşmaq olar. Amma xəstə düşüncəli insanları tərbiyə etmək nə mümkündür, nə də dözüləsidir. 

Təəssüf ki, qadına ancaq "uşaqdoğan aparat" kimi baxan insancıqların içində kişilərlə yanaşı, qadınlar da var. Həmin qadınların çoxu, ya uşaq doğmaqla həyatını korlamaq kimi düşüncəyə qapılanlardır, ya da övladsız olmaq, "ana" adını daşımaqdan boyun qaçıranlardır. Bu başda gəzdirilən beyin və ya peyinlə əlaqəli məsələdir. Qadına analıq yaraşır, amma analıqdan imtina üçün də çox tutarlı səbəbin olmalıdır. Heyf ki, bəzi qadınların ana olmaq arzusunu reallaşdırmaq kimi təbii imkanları yoxdur.

İllərdir, ölkədə mayalanma yolu ilə övlad sahibi olanların sıraları artır. Hətta bu dəb formasını da alıb. Təbii yolla uşaq doğmaq şansı olmayanlar üçün böyük ümidlərin qapısı açılır. Bu ən azı uşaq olmur deyə, ailə dağıdanlar üçün çarədir. Amma bəzi halda qucağı yenə də boş, körpəsiz qalan ailələrimiz, qadınlarımız olur. Nəzərə alaq ki, toy olandan dərhal sonra qadından uşaq gözləyən cəmiyyətin üzvüyük. Deməli, uşaq ya təbii ya da süni mütləq dünyaya gəlməlidır. Bildiyimə görə, təbii imkanları, şansları olan qadınlar da bəzi hallarda süni mayalanmaya uyğun görülürlər. Bu da aydın məsələdir, ikinci proses böyük pullar hesabına həyata keçirilir. Bəlkə də, bu süni mayalanmanı da bir oyuna çeviriblər, xəbərimiz yoxdur. Süni mayalanmanın reklamı qadağan olunsa da, hər gün TV kanallarda təriflənən bu sahə mütəxəsisləri gözə girir. 

Deyilənə görə, Azərbaycanda süni mayalanma Mərkəzi Mahirə İsmayılova adlı mama-ginekoloqun təşəbbüsü ilə yaradılıb. İllər əvvəl, mənə elə gəlirdi ki, ölkədə yeniliklərə imza atanlar böyük, dəyərli düşüncə sahibidirlər. Eləcə də, süni mayalanma məsələsini övlad həsrəti çəkənlər üçün çıxış qapısı hesab edərək müdafiə etmişəm. Amma az əvvəl həmin mama-ginekoloqun müsahibəsini dinləyəndə, anladım ki, böyük stereotip yiyəsi tibb işçisinin novatorluqla qəti əlaqəsi olmayib. "Qadının əsas funksiyası dünyaya uşaq gətirməkdir, bunu edə bilmirsə, həmin qadın yarımçıq qadındır" şüarı ilə çıxış edən "tam qadın" həkiminin pasiyentlərinə üzüldüm. 

Əgər ölkənin nüfuzlu klinikasının qadın şöbəsinin rəhbəri Mahirə İsmayılova belə ağlasığmaz və qadını bu başdan təhqir edən cümlə sərf edirsə, onun tibb elmləri namizədliyinə şübhə yaranır. Həkim qəbuluna gələn, amma nə təbii, nə də süni mayalanmada bəxti gətirməyən qadınlara "yarımçıq qadın" ləkəsini vurmaqdan heçmi çəkinmir? Doktor, ağır xəstəlik, ya qəza səbəbindən ana olmaq şansını itirən xanımlar var, onların heysiyyatını heçmi düşünmədiz? Qadın çox oxuyub, çox gəzib çox pul qazana bilər, qır-qızıl içində üzə bilər, amma belə düşünürsə, qadın hüquqlarını müdafiə edənlərin başı sağ olsun!  Baxmayaraq ki, bu gün süni mayalanma üzrə həkimin saysız pasiyenti var. "Yarımçıq qadın" olmamaq üçün onun qəbuluna yazılıblar. Hələ bir "Zərif qəhrəman" adlı verilişə çıxarıb ginekoloqu geninə-boluna tərif də edirlər. Qadını yalnız uşaq doğan ikiayaqlı kimi görən və alçaldanlara yazıqlar olsun!