Suraxanı: Hövsanın zibilliyi və sahibsiz itləri

suraxani-hovsanin-zibilliyi-ve-sahibsiz-itleri
Oxunma sayı: 1464

Azər Qismət

Suraxanının Hövsan qəsəbəsində “Çöllük” deyilən ərazi var. Bu adı ora sakinlər verib, əvvəllər çox da evlər olmayıb. Bir-iki rus yaşayıb, bir də hərbi hissə olub. Sonralar ərazilərdə yeni evlər tikilib. İndi həmin hərbi hissənin yaxınlığında yüzlərlə sakin yaşayır. Allah tərəfi, suyu və işığı yaxşıdır. Amma nə kanalizasiyası var, nə də kollara ilişib qalan minlərlə selafon torbaları təmizləyən qurum. Hərbi hissənin yanındakı zibilxana isə oranın süləyən itlərinin çörək yeridir.

Burada heç ünvanlar da düzgün gəlmir. İşıq kağızında bir cür, su kağızında başqa cür yazılır. Harasa məktub yazmaq istəyən adamın gərək bina evində qohum-tanışı ola ki, məktubu onun adından göndərsin. Əgər binada adamın olmasa, gərək Hövsan poçtundakı poçtalyonun nömrəsini götürüb hər gün soruşasan ki, “yazdığım məktubun cavabı gəlməyib?” Yoxsa, ünvanlar düz gəlmədiyindən məktub “bu ünvanda adam yaşamır” adı ilə geriyə göndərilər. Onlarla belə hadisə baş verib. Hərdən sakinlərə elə gəlir ki, Hövsanın “Çöllük” ərazisi taleyin ümidinə buraxılıb.

Sakinlər bu barədə danışanda düşündüm ki, çox şişirdirlər. Getdim və gördüm. Hərbi hissənin yanındakı zibilliyi kimin təmizləməli olduğu sual altındadır. Bələdiyyədən deyirlər ki, ora bizim ərazi deyil, hərbi hissədən də bildirirlər ki, bizlik olsaydı edərdik. Dağ boyda yaranan zibilliyi adamlar bir-iki dəfə özləri “Kamaz” tutub təmizləyiblər. Amma axı bunun sonu olmalıdır, ya yox? Və ən dəhşətlisi odur ki, sahibsiz itlər həmin zibilxanadan qidalanırlar. Adamlar bütün günü oradan keçməyə qorxurlar, gecələr hərdən kiminsə qışqırığı eşidilir. “Allah, sən saxla” deyə dualar edilir ki, kiminsə uşağını qapmasın. Bir tərəfdənsə, zibilliyin təmizlənməsini istəməyən adamlar da var. Çünki bir dəfə sakinlərin özləri zibili təmizləyəndən sonra baxıb görüblər ki, itlər qidalanmağa yer tapmır və adamlara hücumların sayını artırırlar. Bələdiyyəyə edilən zəng elə orada da qalıb. Oradan bildirilib ki, İcra hakimiyyətinə deyin. İki ay əvvəl sakinlər Suraxanı İcra Hakimiyyətinə zəng ediblər, məsələ həllini tapmayıb. İndi iş burasındadır ki, sakinlər qış fəslinin gəlməsini də istəmirlər. Çünki qışda qidalanmağa bir şey tapmayan itlər daha da aqressiv olacaq və hücumu intensivləşdirəcəklər.

“Çöllük” ərazisinə girəndə isə baş çatlayır. Adamların dəfələrlə müraciət etməsinə baxmayaraq, bura kanalizasiya xətti çəkilmir. Hər dəfə deyilir ki, plana salınmayıb. Axı, plana saldırmaq üçün Suraxanı İcra Hakimiyyəti də lazımi orqanlara müraciət etməlidir ki, məsələ həllini tapsın. Bu günlərdə hərbi hissədən 100-200 metr aralıdakı evlərin sakinlərinə xəbər verilib ki, kanalizasiya çəkiləcək. Hərbi hissənin bu biri başında isə yenə də kanalizasiya çəkilişindən söhbət getmir. Əgər 100-200 metr aralıda xətt çəkiləcəksə, bu biri sakinlərin də problemini həll edib boruları ora qoşmaq mümkündür. Ancaq sakinlərin əllərini hər yerdən üzdüklərindən inanmırlar ki, İcra Hakimiyyətindən kimsə problemin həlli üçün qabağa düşə. Adamlar yenə də qapılarının ağzında “şambo” qazıb çirkab suları ora axıdacaqlar. Və o “şambo”lar daşanda isə heç kim buralara gəlmək istəmir. Təcili yardım maşınları xəstə yanına gələndə 200 metr aralıda saxlayırlar ki, gölməçə yaradan çirkaba bulaşmasınlar. Bəzən xərəkdəki xəstəni yaxınları qan-tər içində 200 metr aralıda dayanan maşınlara aparmağa məcbur qalırlar. Təcili yardım maşınlarının sürücüləri bir tərəfdən qınanılası deyil, çünki nə vaxta qədər buralar belə çirkab içində qalacaq? Hər dəfə 30-40 manat verib “şambo”lardakı çirkabı çəkmək də hər ailənin büdcəsinə böyük zərbədir. Sakinlər yayın bu istisində suyu qənaətlə işlətməyə məcburdur.

“Çöllük” ərazinin taleyin ümidinə buraxılmasına dair bir misal. Deməli, orada yerləşən “Həyat” marketin qarşısında dayanacaq var imiş. Bir neçə dəfə həmin dayanacağın dirəklərinə maşınlar çırpılıb. Dirəklərin üçü sıradan çıxıb, qalıb bir dirək. Hər dəfə külək əsəndə dirək adamların həyatı üçün təhlükə yaradırmış. Sakinlərdən biri Fövqəladə Hallar Nazirliyinə zəng edib həmin təhlükə barədə məlumat verib. Nazirlikdən gəlib yoxlayanda məlum olub ki, doğrudan da həyati təhlükəli dayanacaqdır, sökülməsinə qərar verilib. İndi orada daha dayanacaq yoxdur, nə də illər keçməsinə baxmayaraq gətirib təzə dayanacaq quraşdırılmır. Bu, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Məsələ İcra Hakimiyyətinin müraciəti əsasında həllini tapmalıdır. O da tapılmır.

Bir sözlə, Suraxanı rayonu Hövsan qəsəbəsinin “Çöllük” deyilən ərazisi sanki unudulub. Dövlət başçısı dəfələrlə bildirib ki, hər bir problemin həllində ictimaiyyətin də yardımı olmalıdır. Məhz bu məsələdə ictimaiyyət dəfələrlə xəbər verib, müraciət edib. Lakin rayon rəhbərliyi hansısa səbəbdən problemlərin həlli üçün addım atmır.