Suriyaya səfir təyinatları başladı

suriyaya-sefir-teyinatlari-basladi
Oxunma sayı: 643

Fransa Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan qüvvələrin ötən həftə Qətərin paytaxtı Dohada elan etdikləri Suriya Milli Koalisiyasını qanuni hökumət kimi tanıyıb. Koalisiyanın elan edilməsindən az sonra onun lideri Əhməd Muaz əl-Xətib Parisə çağırılıb. Yelisey sarayında onu qəbul edən prezident Fransua Oland elan edib ki, Fransa Suriya müxalifəti yanında səfir təyin edir.

“Bu, bizim Suriyadakı səfirimiz olacaq” - deyə Oland bildirib. Bununla da Fransa Bəşər Əsəd rejimi ilə diplomatik münasibətlərin kəsildiyini və ölkənin qanuni təmsilçisi kimi müxalifət alyansını tanıdığını ortaya qoyub.

Suriya Milli Koalisiyasının lideri isə Olandla danışıqlardan sonra bildirib ki, müxalifət alyansı da özünün Fransadakı səfirini təyin edəcək və Parisdə diplomatik təmsilçilik yaradacaq. Fransa Suriya Milli Koalisiyasını Suriya xalqının vahid təmsilçisi kimi tanıyan ilk Qərb ölkəsidir. Fransa prezidenti ilə görüşdə Əhməd Muaz əl-Xətib Suriya müxalifətinə göstərdikləri dəstəyə görə təşəkkür edib. Bildirib ki, Suriya xalqı azadlığı üçün qan tökür: “Bu xalq indi beynəlxalq cəmiyyətdən haqlarını və zalım Suriya rejiminə qarşı təhlükəsizliyinin təmin olunmasını istəyir”.

Fransanın xarici işlər naziri Loran Fabius isə bəyan edib ki, onun ölkəsi Suriya müxalifətinə Bəşər Əsəd rejimindən müdafiə olunmaq üçün silah verəcək. Həmçinin nazir bildirib ki, Fransa Suriyaya silah embarqosunu nəzərdə tutan Avropa İttifaqı sanksiyalarının müvafiq şəkildə dəyişdirilməsi və nəticədə müxalifətə silah verilməsinin qanuniləşdirilməsi üçün Brüsseldə iş aparacaq.

Xəbər verildiyi kimi, Suriya Milli Koalisiyasını artıq Ərəb Liqası, bu təşkilata üzv olan bir neçə ölkə, habelə ABŞ, Türkiyə, Böyük Britaniya Suriya xalqının legitim təmsilçisi kimi tanıyıblar. Bütün bunlar Suriyadakı hadisələrin Liviya ssenarisi üzrə inkişaf etdiyini göstərir. Doğrudur, əsas fərq budur ki, Qərb ölkələri hələ Suriyaya hərbi müdaxilə barədə qərar verməyə tələsmirlər, hazırda əsas hədəf birləşmiş Suriya müxalifətinin silahlandırılması və qanuni təmsilçi kimi tanınması, bu yolla Əsəd rejiminin devrilməsidir.

Beynəlxalq dəstəyin artmasından ruhlanan Suriya müxalif döyüşçüləri də Əsəd rejimi ilə döyüşlərdə irəliləyirlər. Suriyadan yayılan xəbərlərə görə, müxalifət qüvvələri ölkənin Türkiyə ilə sərhədlərinin yaxınlığında yerləşən daha bir hərbi bazanı tutublar. Bazadan 18 hərbçi əsir alınıb və 15 tank qənimət götürülüb. Bazanın ələ keçirilməsinə dair video internetdə yerləşdirilib. Bazanın Suriya xüsusi təyinatlılarına aid olduğu və Hələb şəhərindən 25 kilometrlik məsafədə yerləşdiyi bildirilir.

Digər məlumata görə, müxaliflər İraqla sərhədin yaxınlığında, Deyr əz-Zor vilayətində yerləşən aeroportu da tutublar. Onun ölkənin ən iri aeroportlarından biri olduğu bildirilir və Əsəd qüvvələri tərəfindən müxalifləri bombalamaq üçün istifadə edilirdi. Aeroportun tutulması ilə Suriyanın şimal ərazilərinin ardınca mərkəzi əraziləri də bütünlüklə müxalifətin əlinə keçmiş olur. Hazırda Əsəd rejiminin əsas sığınacağı paytaxt Dəməşqdir. Ölkənin şimal və mərkəzi əyalətlərinə nəzarətin itirilməsindən sonra Əsədə sadiq ordu qüvvələri Dəməşq ətrafındakı blok-postları gücləndiriblər. Paytaxtın ətraf məhəllələrində isə rejim qüvvələri ilə müxaliflər arasında döyüşlər gedir. Beynəlxalq ekspertlərə görə, Suriyada cərəyan edən son proseslər Əsəd rejiminin sonunun yaxınlaşdığını deməyə əsas verir.

musavat.com