Sürücü acgözlüyündən qurtulmaq istəyirik

surucu-acgozluyunden-qurtulmaq-isteyirik
Oxunma sayı: 2022

Dünya Sakit

Hər gün Buzovnadan şəhərə işə gəlib-getdiyimi deyəndə çoxları təəccüblənir. Hamı da “hər gün bu qədər yolu necə gedib-gəlirsən” deyə sual edir. Mən də son vaxtlar avtobusdan istifadə etmədiyimi, əsasən “Koroğlu” metrosunun yanından Buzovnaya (elə digər qəsəbələrə də) işləyən taksilərin xidmətindən yararlandığımı deyirəm.

Məsələ burasındadır ki, havalar istiləşənədək elə avtobusdan istifadə edirdim. Hər halda, gündə taksiyə 2 manat vermək hara, avtobusa 80 qəpik vermək hara. Yəni pulunun qədrini bilən hər kəs avtobusu qoyub taksidən istifadə etməz. Amma avtobusların indiki vəziyyəti elədir ki, istər-istəməz taksilərə üz tutmalı oluruq. İsti havada hər gün iki dəfə kondisionersiz avtobusla 1 saata yaxın yol getmək – bu, az adamın dayana biləcəyi əziyyətdir. Nəzərə alsaq ki, günorta saatlarından sonra avtobuslar arasındakı interval iki-üçqat artırılır, insanlar işdən çıxan vaxtlarda camaatın nə zülüm çəkdiyini təsəvvür etmək elə də çətin olmaz. Artıq qazanc əldə etməyə çalışan sürücülərin, həm də marşrut sahiblərinin heç vecinə deyil ki, isti havada bir-birinə sıxılmış vəziyyətdə bir saat yol getmək cəhənnəm əzabıdır. Əsas odur ki, onların qazancı bol olsun. 

Aydın məsələdir ki, heç də hamının taksidən istifadə etmək imkanı yoxdur. Qəsəbələrdən şəhərə işə gəlib-gedənlərin böyük əksəriyyətinin hər gün 3 manata yaxın yolpuluna xərc çəkmək imkanı yoxdur. Marşrut sahibləri, sürücülər bunu yaxşı bilirlər. Bildikləri üçün də heç bir etirazı, narazılığı nəzərə almadan böyük acgözlüklə öz mənafelərini güdürlər. Etiraz edənlərə “düş, taksi ilə get” deyilməsi o qədər adi haldır ki...

Bu vəziyyətə son qoymağın əsas yolu qəsəbələrə işləyən marşrutların da kart sisteminə keçirilməsidir. Bakının mərkəzində kart sisteminin tətbiqi avtobus yarışmalarına əməlli-başlı son qoydu. Marşrut sahiblərinin qazanmaq istəyinin sürücülərin şəxsi maraqları ilə çulğalaşmaması nəticəsində kartla işləyən marşrutlarda sabitlik yaranıb. Çox təəssüflər olsun ki, uzun illər boyu başladılması düyünə düşən kart sisteminin indi də Bakının həndəvərlərinə çatması müşkülə çevrilib. Xırda istisnalarla, bu gün paytaxt çevrəsində yerləşən böyük qəsəbələrin heç birinə işləyən avtobuslara kart sistemi tətbiq olunmur. Bu isə əhalinin sürücülərin insafına buraxılması deməkdir.

Bu günlərdə dostlardan biri Bakı ətrafına işləyən marşrutlara niyə kondisionerli avtobuslardan buraxılmadığını deyərək, giley-güzar edirdi. Onun bi iradını Buzovnada eşitsələr, yəqin gülərlər: camaat pik saatlarda heç adi avtobus tapa bilmir, ola ki, kondisionerlisi.

Etiraf edim ki, Buzovnanın timsalındakı müşahidələrimə əsasən Bakı ətrafına sərnişindaşımada xeyli irəliləyişlərin olduğu göz önündədir: xırda, heç bir rahatlığı olmayan avtobuslar iriləri ilə əvəz olunub, marşrut xətləri optimallaşdırılıb. Eyni zamanda qəsəbələrə gedən yollar da yenidən qurulub.  Lakin prosesin elə bu nöqtədə dayanmaması, insanların rahatlığı üçün daha yeni addımların atılmasından heç kimə ziyan gəlməyəcək. Bu baxımdan, qəsəbələrə işləyən marşrutlarda da kart sisteminə keçid təmin olunmalıdır.

Ümid edək ki, qəsəbə marşrutlarında kart sisteminin tətbiqini də illərlə gözləyəsi olmayacağıq...