Sürücü manyak qadın

surucu-manyak-qadin
Oxunma sayı: 2624

Azər Qismət

Həmişə tarix boyu ədalət məhkəməsi quranlara rast gəlinib. Elə hind kinoları da başdan-ayağa ədalət məhkəməsidir. İnsanların tarix boyu özlərinin qurduğu məhkəmələrdən çox yazılıb. Robin Hud varlıları soyub kasıblara paylayıb. Elə Qaçaq Nəbi də həmçinin. Bu keçmişdə olub. 

Bu günlərdə çox qəribə hadisə ilə rastlaşdım. Taksi ilə yol gedirdik. Arxa oturacaqda 3 nəfər əyləşmişdik, qarşıda isə sürücü və qadın. Doğrusu, qadının yalnız baş nahiyəsini görmək olurdu, dinib-danışmırdı. Bakı qəsəbələrinin birindən paytaxta daxil olduq. Öz yolumuzla gedirdik. Birdən yan küçədən qarşımıza CİP  çıxdı. Sürücümüz əyləci vaxtında sıxıb saxlamasaydı CİP-lə toqquşacağımız dəqiq idi. CİP heç nə olmamış kimi keçib getdi. Birdən qadın dedi:

- Niyə vurmadız onu?

- Başa düşmədim. Niyə də vurmalıyam?

- Axı, o yol hərəkəti qaydasını pozdu?! 

- Cəhənnəmə pozsun. Daha neyləyək.

- Amma mən qaydanı belə pozanları vururam.

Bu yerdə hamı təəccübləndi. Məlum oldu ki, qadının avtomobili var. Ustanın yanında təmir edildiyindən müvəqqəti taksi ilə gedib-gəlir. Qadın iri ekranlı telefonunda vurduğu maşınları göstərdi. Açıq-aydın göstərirdi ki, hansı maşınları hansı küçədə vurub. Onun maşını əzik-üzük idi. O sualını bir də təkrarladı:

- Siz qaydaları belə pozanları niyə vurmursuz?

Sürücünün izahatı ilə razılaşmamaq mümkün deyildi:

- Xanım, birincisi, maşını vuranda sürücü xəsarət ala bilər. İkincisi, vurulan maşını yaxşı qiymətə sata bilmirsən. Üçüncüsü, maşın ustada neçə həftə qalır, taksi ilə, avtobusla getməkdən bezirsən. Özü də biz taksi sürücüləri üçün ikiqat zərbədir. Çörək pulunu qazana bilmirik. Dördüncüsü, vurduğun maşının sahibi ilə çənə-boğaza çıxırsan ki, bu da adamın əsəbini pozur.

Qadın isə gülümsədi. Və dedi ki, bundan zövq alır. Onu da bildirdi ki, qanunun aliliyini belə qoruyur.

- Bir də belə qələt edib qaydaları pozmazlar. Bu maşın olmayacaq, başqası olacaq, gedib təzəsini alacağam.

Bəs, o, qaydanı pozan sürücünü cəzalandıranda boynuna alırmı ki, qəsdən vurdu?

- Heç vaxt boynuma almıram. Üzrxahlıq edirəm ki, “vay, nə pis oldu, qəfildən qarşıma çıxdız, mən də əyləci vaxtında sıxa bilmədim”. Belə şeyi kim boynuna alar? İncə şəkildə cəzalandırıram. Çox səsini qaldıranda deyirəm ki, “mən öz yolumla gedirdim, siz qanunsuz şəkildə yoluma çıxdınız, mən yazıq da əyləci sıxa bilmədim, səs tonunuzu aşağı salın”. 

Sonra qadın düşüb getdi. Bu məsələ elədir ki, qadına haqq qazandırmaq da olur, qazandırmamaq da. Qadının dediyinə görə qanunu pozan adam cərimə ödəməklə canını qurtarmamalıdır. Onu mənəvi sıxıntıya salmaq lazımdır. Əlbəttə, arxada əyləşən sərnişinlərdən biri “bu ki manyakdır” pıçıldasa da, digəri haqq qazandırdı. Deməli, adamlar məsələyə birtətəfli qiymət vermir. Yanaşma tərzi müxtəlifdir. Məsələyə hərə öz aspektindən yanaşa bilər. Bəli, mən də inanmıram ki, qadının cəzalandırma üsulundan kimsə növbəti dəfə belə səhv etsin. Ən azından maşını əzilib, qanı qaralıb. Amma digər tərəfdən bunun üçün qanun var. Qadın onu da deyirdi ki, belə qaydanı pozanlar ayıq sürücülərin sərvaxtlığına görə canlarını qurtarırlar və qanunsuzluğu təkrarlayırlar. Onlara elə gəlir ki, istədiyi cür sürəcək, digər sürücülər ondan qaçacaq. Ancaq belə deyil. Unutmasınlar ki, qaydanı pozanları cəzalandıran adamlar da var. Razıyam ki, ölkəmizdə heç bir qayda-qanuna əməl etməyən vəhşi sürücülər var. Onlar üçün insan anlayışı yoxdur. Uşaq, qoca bilməyib üstünə sürürlər. Belələri daha da çoxalıb və qudurğanlıq aşırı həddə çatıb. Belə sürücüləri cərimə də islah etmir. Ancaq şəxsi təşəbbüslə ədalət məhkəməsi qurmaq da düzgün deyil.