“Sürücülərdən yaxşı, kreativ ideyalar çıxır” - Gömrük rəsmisi

suruculerden-yaxsi-kreativ-ideyalar-cixir
Oxunma sayı: 1801

““Mazımçay” gömrük postundan keçən sürücülərin də təkliflərini nəzərə alırıq, çünki işin içində biz və onlar varıq. Sürücülərdən yaxşı, kreativ ideyalar çıxır. Onların problemlərini bu gün həll edə bilməsək də, zamanla buna nail oluruq".

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyev deyib. O, qeyd edib ki, bu, son vaxtlar etdiyimiz məhsuldar metoddur, onlarla birlikdə komanda şəklində daha irəli gedə bilirik: 

"Əvvəllər bir TIR mala 15-20 dəqiqə vaxt sərf olunurdusa, indi 5 dəqiqəyə yazıb yola salırıq. Amma bir tırın içində 20 adda mal olanda, onda onları yazmaq üçün 20 dəqiqə vaxt  lazım olur. Bu sahədə də işlər gedir, biz və sürücülər tərəfindən təkliflər verilib. Düşünürük ki, növbələr olmasın deyə, bu prosesləri tez həll edək və təyinat orqanlarına yükləyək, onsuz da mal gedib orda qalır. Belə olsa, vaxt da azalar".

Onun sözlərinə görə, gömrük orqanlarında bütün proseslər bitdikdən sonra ödəniş “Azərpoçt” un filiallarında həyata keçirilir: “Bu zaman müəyyən növbələr olur. Növbələri aradan qaldırmaq üçün biz onlara sadəcə tövsiyələr verə bilərik. Gələcəkdə tam fərqli formata keçməyi düşünürük ki, bu bankomat və ya elektron sistem ola bilər. Məqsədimiz odur ki, insan faktoru aradan qalxsın. Cihazlar vasitəsilə ödənişlər bir başa dövlət büdcəsinə gedəcək, bu da daha operativ olacaq. Bunun üzərində iş gedir" .

Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi məsələsinə də toxunan A.Mehdiyev vurğulayıb ki, təcrübələri olduğu kimi tətbiq etmirlər: "Çünki hər ölkənin yerli şəraiti və iş prinsipi var. Biz Avropanın, Türkiyənin ən yaxşı ənənələrini götürüb sintez edərək onu Azərbaycan formatı və şəraitinə uyğun formalaşdırıb tətbiq edirik”. 

Günel Türksoy