Sürücülərə yenidən plyonka xəbərdarlığı edildi

suruculere-yeniden-plyonka-xeberdarligi-edildi
Oxunma sayı: 717

Nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Baş DYP İdarəsi bir daha avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
- Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75 %
- Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün - 70 %
- Küləyə qarşı olmayan arxa yan şüşələr üçün - 60 %

Qeyd edirik ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və arxa yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.