Martın 30-da təbii fəlakətin ən çox ziyan vurduğu Muğanlı kəndində daha iki ev uçub.
Bu barədə məlumatı musavat.com-a kənd sakinləri özləri veriblər. Onların sözlərinə görə, kəndin sürüşmə baş verən ərazisinə əhalinin giriş-çıxışı bağlanıb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi işçi briqadası sürüşmə baş verən kənddə çalışırlar. Kənd sakinləri bildirdilər ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri evakuasiya olunub: “Onlar hələlik qohumlarının evlərinə yerləşib. Havalar istiləşən kimi Muğanlı ilə Meysərli kəndlərinin arasındakı “20 hektar” deyilən ərazidə çadırlar qurulacaq və zərərçəkən ailələr Meysərliyə köçürüləcək. Bizə dedilər ki, bir müddətdən sonra Fövqəladə Hallar Nazirliyi sizə ev də tikəcək. Gözləməkdən başqa çarəmiz yoxdur”.
Qeyd edək ki, artıq uçmuş və qəzalı vəziyyətə düşmüş evlərin sayı müəyyənləşdirilərək dövlət komissiyasına təqdim olunub.
musavat.com