Sürüşmə zonasında işıq, qaz və su xətləri sökülür

surusme-zonasinda-isiq-qaz-ve-su-xetleri-sokulur
Oxunma sayı: 1941

Bakının Səbail rayonunda Bayıl yamacındakı sürüşmə zonasına gedən bütün su, qaz və işıq xətləri şəbəkədən ayrılaraq sökülür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ərazidəki mənzil sahibləri bildiriblər. Sakinlər qeyd ediblər ki, ərazidə çatlar əmələ gələndən sonra mənzillərə elektrik enerjisi, su və qaz verilişi dayandırılmışdı: "Həmin vaxt sadəcə qaz, su və işığın verilməsi dayandırılmışdı. Lakin artıq xətlər əsas hissədən ayrılaraq sökülür. Axşamlar qadınları və azyaşlıları sığınacaqlara göndəririk, kişilər isə evdə olur".

Sakinlərin sözlərinə görə, ərazidə yeni çatlar da əmələ gəlib və sürüşmə aktivdir: "Dünən yeni çatlar əmələ gəlmişdi. Bu çatlar evlərdə də hər gün hiss olunur".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə açıqlamasında qəzalı vəziyyətdə olan ərazilərə verilən su xəttinin ayrılmasını təsdiqləyib: "Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarı ilə həmin ərazidə təxminən 100-ə yaxın evə suyun verilişi dayandırılıb. Sürüşmə ərazisinin ətrafında yerləşən, təhlükəli yerdə olmayan hissələrə də su eyni xətdən verilir. Ona görə də təhlükəli olmayan mənzillərdə yaşayan sakinlərə su verilməsi üçün qəzalı mənzillərə gedən su xətti şəbəkədən ayrılıb. Hələ ki, su xətləri kəsilib daşınmır, mənzillərdə olan sayğaclar və su xətləri olduğu kimi qalır".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev Trend-ə bildirib ki, əraziyə yalnız təbii qazın verilişi dayandırılıb: "Xətlərin sökülməsi ilə bağlı heç bir iş görülmür. Sadəcə, köçürülən evlərin qaz təchizatı dayandırılıb. Əgər ərazidə söküntü işlərinə başlanarsa, həmin vaxt bizə müraciət oluna, ondan sonra qaz xətlərinin söküntüsünə başlana bilər".

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə qeyd edib ki, ərazidə sürüşmə zamanı zədələnən xətlərin dirəkləri götürülür: "İşıq dirəkləri və xətlər sökülmür. Sadəcə, sürüşmə nəticəsində həmin ərazidə bir neçə işıq dirəyi zədələnib, xətlər əhali üçün təhlükə yaradıb. Ona görə də əhalinin təhlükəsizliyini nəzərə alaraq, həmin dirəklər və xətlər götürülür. Onsuz da həmin əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. Amma sayğaclar və mənzillərə çəkilən xətlər sökülməyib".

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.