Susan ziyalılar və qətl edilən məmləkət

susan-ziyalilar-ve-qetl-edilen-memleket
Oxunma sayı: 647

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə hərəkat sıralarındakı ziyalılarımızın sayı demək olar ki, hal-hazırda müxalifətdə olanların sayı qədər idi… Amma indi.? O qədər azıq ki, bir nəfər ziyalının etiraz səsi ən azı qəhrəmanlıq kimi dəyərləndirilir. Aktyor İlqar Cahangirin bu günlərdə sosial şəbəkələrdə yayılan bir fikrini xatırladım : “Hakimiyyət teatrdan ona görə qorxur ki, teatr bir güzgüdür. Hakimiyyət isə özünü olduğu kimi görməkdən qorxur”. Mən bu fikri bir az daha genişləndirərdim. Ziyalı fikri, ziyalı gözü, ziyalı sözü cəmiyyətin üzü, hakimiyyətin inikasıdır. Ona görə də hakimiyyət bu cəmiyyətin məğlubiyyətinə ziyalılar üzərində qələbə çalmaqla imza atıb. Az-az səsi çıxan ziyalılarımız da hədəfə çevriliblər. Ya Mehriban Vəzir kimi ən yaxınları ilə, ya Flora Kərimova kimi ekranlardan uzaqlaşdırılmaqla, ya da akademik Rafiq Əliyev kimi iş problemi yaradılmaqla cəzalandırılırlar. Hər şey bu qədər sadədirmi? Əlbətdə ki, deyil. Bu gün bu ziyalılarımızın hədəf olmasında ən böyük səbəb az olmalarıdır. Onlarla alim, incəsənət xadimi ölkədə mövcud vəziyyətə, ölən təhsilə, insanların qatilinə çevrilən səhiyyəyə etiraz etsə bu qədər asanlıqla cəza hədəfi ola bilərlərmi? Xeyr. O zaman bu ölkənin “qətl olunmasında” ən böyük məsuliyyət elə ziyalıların çiynindədir demək ki…Yazıçı Seyran Səxavətin möhtəşəm “Nekroloq” əsərində deyildiyi kimi bəs onda susan ziyalıları asaqmı? Vicdanından, demədiyi sözündən, göz yumduğu şər imperiyasının törətdiyi əməllərdən asaq. Çünki biz asmadıqca ziyalıları bu hakimiyyət asacaq. Ordendən, medaldan, fəxri addan, vəzifədən, bir tikə çörəyin çatısından asacaq. Nə gözəl yazıb Seyran müəllim… Bu günlərdə saytların birində məşhur ziyalıların övladlarının Azərbaycanda hansı böyük vəzifələri tutduğu ilə bağlı bir xəbər oxudum. Ən böyük nazirliklərdə müavinlər, department rəhbərləridir ziyalı balaları. İndi də övladlarından asırlar ziyalıları. Susmaq üçün, susdurmaq üçün “pay” verirlər. Qətl etdikləri məmləkətin dağıdılan milyonlarından kiçik bir pay… Lazım olanda da balalarından asılmış ziyalıların “ipini” çəkirlər. Adi bir fakt. Hakimiyyətin müəllifi olmadığı bir layihədə yer almışdı deyə, baş nazirin keçmiş müavini Abbas Abbasovu ən çox kiminlə “vurdular”? Millət vəkili olan oğlu Aydın Abbasov ilə. Bax belə…
İndi neynəyək? Xalqın taleyi ziyalılarından, ziyalıları titullarından asılı məmələkətin qətlinə bizdəmi fərman verək? Bəlkə gözləyək? Nəyi gözləyək? Nə qədər gözləyək? Nə qədər gözləyək ki, ziyalılarımız titul çatısını boğazından çıxarıb, qınaq çatısını bu hakimiyyətin boğazına keçirsin? “Qətl etmə mənim məmləkətimi” deyə hayqıracaq… İldən ilə savadsızlaşdırılan, mütiləşdirilən xalqının önünə keçəcək, sipər olacaq. Can verən millətinin nəfəsinə nəfəs qatacaq, “qoymaram çıxalar axırımıza” deyəcək.

Ziyalı… Türkiyədə gözəl bir qarşılığı var bu sözün – Aydın… Millətin aydınları onu bu qaranlıqdan qurtarmaq üçün artıq səsini çıxarmalıdır. Xalqın batmış səsi, millətin kəsilmiş dili olmalıdır. Sadəcə Rafiq Əliyevin olayı nə qədər ruh yüksəkliy yaratdı bu məmləkətdə. Nə qədər dəyişiklik gətirdi. Bəs İlqar Cahangir olayı? Ona görə də millətin xilas yolu ziyalılarımızın çiyinlərindən keçir. Artıq çiyinlərinizi millətə dayaq verin cənablar! O millətə ki, sizin durduğunuz yüksəkliklər onların çiynindədir.

P.S. Qəddinizi düzəldin əfəndim. Düzəldin ki, millət də sizə baxıb düzlənə bilsin.