Tacirlə sevgili olduğunu bilirdik, cinayətkarlığını yox...

tacirle-sevgili-oldugunu-bilirdik-cinayetkarligini-yox
Oxunma sayı: 9831

Nərmin Dadaşova

Bu aralar çox mətbəxtəyəm, oxucu dost. Xəmir yoğururam, əriştə kəsirəm, növbənöv şirniyyatlar bişirirəm. Son bir neçə həftəni yazı-pozudan soyumuş kimiyəm. Gündəm lotuxana,  qan təzyiqim minin-iki yüzə, miqren o yandan, payız alatoranlığı bu biri yandan. Dedim yəqin bir müddət həmsöhbət olmarıq sizinlə, bu lotu-motu söhbətləri bitənə qədər ən azından. Beyninin bir yarımkürəsində daima intihar get-gəlləri olan birinin “Lotu Quli”dən qorxub yazı yazmaması da ayrı bir dərddir. 

Amma bu gün iş, lotuluqdan çıxıb incəsənətimizə  sirayət etdiyi üçün müdaxilə etməyə bilmədim. Deməli, bir az əvvəl xəbər yayıldı ki, Azərbaycan  estradasının ən bayağı nümunələrindən olan Fədayə xanım Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək  göz altına alınıb. İddialara görə fil ürəyi yemiş müğənni xanım “Qoca” ləqəbli avtoritetin qaçdığı maşında olub. Gecə saatlarında Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Maşındakı sərnişinlərdən birinin qaçan məhbus olduğu müəyyənləşdirilibsə də, onu həbs etmək polislərimizə nəsib olmayıb. “Qoca” bəy üzü meşəyə sarı qaçıb gözdən itib. Fədayə xanımla taksi sürücüsü isə göz altına alınıb. Uca Şirvin!  Ey büt! Ey Penitensiar xidmət! Ey Tacir Şahmalıoğlu!  Bu nə bəla bəhridir yuvarlanırıq, bu nə müsibətdir?

Pis-yaxşı tanınan, eşq mahnıları oxuyan, fəryad edən, sevən, müsahibələrində özünü müqəddəs ana elan edən bir qadının avtoritetlərlə nə əlaqəsi ola bilər axı? Əgər iş onların qaçmasına kömək etmək “level”inə qədər çatıbsa arada nə qədər görüşlər, danışıqlar olub, kim bilir. Hara baxırdı penitensiar xidmət? Bəs nə yaxşı Fədayənin Tacir Şahmaroğlu ilə sevgili olmasını hamımız bilirik, cinayətkar olmasından xəbərsizik?

Özü də bu ilk deyil, bundan  əvvəl Xalq artisti İlhamə Quliyevanın, Brilyant Dadaşovanın, Əməkdar artistlər Mətanət İsgəndərlinin, Manana Çaparidzenin, Eyyub Yaqubovun da adları kriminal şəxslərlə yanaşı çəkilib. Başa düşə bilmirəm, “Nə olar bir anlıq keçmişə dönsəm, Bəxtimi oyada bilsəm, Ağrısız-acısız yaşaya bilsəm, Yamanca yorulmuşam mən” oxuyan  birinin, adam öldürən, cinayət törədən, ömrünü dəmir barmaqlıqlara həsr edən adamlarla  nə işi ola bilər? Bu nə saxtakarlıqdır, qardaş? 

Yəqin illər sonra Maral Tahirqızı kimi Fədayə xanım da həbsdən çıxıb timsah göz yaşları axıdacaq milyonların qarşısında. Bu cəmiyyət sizi bağışlamayacaq, Fədayə xanım. Təəssüflər olsun ki, siz öz ömrünüzü Lotular üçün fəda etdiniz. 

Sonuncu dəfə verilişlərin birində oxuduğunuz kimi, yasəmənlər açanda, bülbül bağda uçanda xatırlayacağıq sizi. Amma Fədayə Laçın kimi yox, Fədayə Laçınski kimi...