“Taktiki gedişlər artıq “erməni bumu”nu qırıb”

taktiki-gedisler-artiq-ermeni-bumunu-qirib-
Oxunma sayı: 1132




Bunu açıqlamasında Xocalı Soyqırımını Tanıtma və Araşdırma Mərkəzinin rəhbəri Ceyhun Ələkbərov deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan və Türkiyə xalqlarının ortaq problemidir: “Tarixən ermənilərin türk düşmənçiliyinin şahidi olmuşuq. Ermənilərin uydurma soyqırımı iddialarını ortaya atması və 2015-ci ilə xüsusi olaraq hazırlaşması onu göstərir ki, onların türklərə qarşı nifrəti heç vaxt aradan qalxmayacaq. Bu tendensiyadan da yararlanan bəzi təşkilatlar və dövlətlər var. Türk dünyası əleyhinə iş aparanlar, Türkiyə və Azərbaycanla bağlı öz layihələrini reallaşdırmaq istəyən güclər “erməni soyqırımı” iddialarından təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənilər tarixən siyasi alət rolunu oynayıblar. Ona görə də biz bir millət olaraq təşkilatlanmaq və özümüzü qorumaq üçün haqlı mücadiləmizi davam etdirməliyik. Düşünürəm ki, artıq strateji hədəflərimizlə bağlı daha aktiv fəaliyyətə start verməliyik.

Bu istiqamətdə Azərbaycan və Türkiyə önəmli fəaliyyətlər ortaya qoyur. Cənab Prezident İlham Əliyev bu məsələdə birgə addımın atılmasını Azərbaycan-Türkiyə forumlarında dəfələrlə diqqətə çatdırıb. İki qardaş ölkə ermənilərin planlarını uğurla dəf edir. Uğurlu taktiki gedişlər artıq “erməni bumu”nu qırıb. Artıq dünya onların yalanlarına inanmır. Erməni mifi deyilən anlayış getdikcə öz siyasi-sosioloji və regional əhəmiyyətini itirməkdədir.

Dünyanın bütünlüklə bu hadisələrə baxışı dəyişir. Bu məsələdə Azərbaycan Prezidentinin yürütdüyü prinsipal siyasət öz müsbət nəticəsini verir". Ceyhun Ələkbərov əlavə edib ki, Türkiyə diasporu Xocalı soyqırımının tanıdılması istiqamətində  ciddi addımlar atmalı, Azərbaycan diasporuna dəstəyini daha da gücləndirməlidir.
 Qondarma erməni soyqırımı iddialarının birdəfəlik iflası yaxın keçmişdə dünyanın gözü qarşısında baş verən Xocalı faciəsinin daha çox ölkədə tanıdılmasından keçir. Gücümüzü bu istiqamətə yönəltsək, uğurlarımızın davamını görəcəyik. Onun fikrincə, 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu sahədə gənclər üçün əsl örnəyə çevrilmişdir.
Ceyhun Ələkbərov sonda onu da vurğulayıb ki, Xocalı soyqırımı 20 il bundan öncə dünyanın gözü qarşısında erməni millətçiləri tərəfindən insanlıq üzərində aparılmış ən ağır tarixi cinayətdir. Beynəlxalq hüquqa və ədalətə güvənən soyqırıma məruz qalanların yaxınları, bütövlükdə Azərbaycan xalqı, hələ də ümid edir ki, bu cinayəti törədənlər beynəlxalq məhkəmədə dünyanın gözü önündə cavab verəcəklər.