Tale Bağırov, sən düz etmədin

tale-bagirov-sen-duz-etmedin
Oxunma sayı: 6252

Azər Qismət

Mən qatı şiə məzhəbli bir məkanda dünyaya göz açdığımdan hərdən Nardarana gedəndə uşaqlıq illərim yadıma düşür. Bu kənd Azərbaycanın ən ləyaqətli, ən abırlı, böyük-kiçik yeri bilən, dinə tam qaydasınca əməl edən kənddir. Adamları mehriban, istiqanlı. Bir adam başını qaldırıb kiminsə yoldaşına-qızına baxmaz, söz atmaz, düşüklük etməz, özlərini ağır apararlar, kiminsə malında gözləri qalmaz, kiminsə pulunu saymazlar. Bir sözlə bu kəndin adamlarında sözün həqiqi mənasında İslam ləyaqətini görmüşəm.

Amma təəssüf ki, bəzən hansısa təfrikçi qrupun bu kənddə sığınacaq tapmasını ümumi sakinlərin adı ilə bağlayırlar. Əzizlərim, nardaranlılar bu dövləti sevən, onun qanunlarına əməl edən adamlardır. Bunu öz gözlərimlə görmüşəm. Və dövlət də onlara xeyli güzəştlər edib, əlindən gələn köməkliyi göstərib. Sadə nardaranlılar bunu unutmurlar.

Nardaranlılar yaxşı bilir ki, 2000-ci illərin əvvəllərində baş verən hadisələrdən sonra sahibkarlara tövsiyə edildi ki, bu kənddə sosial layihələr həyata keçirsinlər, investisiya qoysunlar. Bu ki, hamının yadındadır. Kəndə gedən yol yüksək səviyyədə asfaltlandı, kommunal xərclərin ödənişində xeyli güzəştlər edildi.

Bir sözlə, kimlərinsə “bu qanlı toqquşmada ancaq nardaranlılar günahkardır” sözləri Allaha acıq gedər. Yuxarıda da qeyd etdim ki, kənd sakinləri dövlətə və dövlətçiliyə sadiq insanlardır. Sakinlər yaxşı bilir ki, əldə dəmir tutmaq, yollara daş tökməklə dövlətlə dövlətçilik etməzlər, bunun sonu yaxşı görünmür. Və çox pakizə də dərk edirlər ki, bu, məsələnin həlli deyil. Tam qətiyyətlə söyləmək olar ki, bu, naradaranlıların işi deyil. Xahiş edirəm heç kim sosial şəbəkələrdə kənd sakinlərini 6 nəfərin ölümündə ittiham etməsin. Yeri gəldi-gəlmədi “nardaranlılar” tipli ümumi sözlərdən istifadə edib vurğulamalara yol verməsinlər.

O ki, qaldı Tale Bağırova. Mən bu insanı həyatda görməmişəm. Doğrusu, onun fikirləri ilə çox da tanış deyiləm. Bircə onu bilirəm ki, 2-3 həftə bundan əvvəl bəzi ziyalılarımız onun dövlətin əleyhinə çağırışları ilə bağlı fəaliyyətini əsas götürüb prezidentə müraciət etmişdilər.

Amma Hacı Şahini görmüşəm. Onu da görmüşəm ki, adamlar Hacı Şahinə çox hörmət edirlər. Hətta onun səsi yazılan diskləri maşınlarında səsləndirirlər, dinin bəxş etdiyi ləyaqəti özlərinin şəxsində, gündəlik həyatlarında tətbiq edirlər. Hərdən o disklərdə Şahinin səsini mən də eşitmişəm. Bu adam tam öz yolu ilə gedir, dini yönümdən adamları maarifləndirir, ədəb-ərkana çağırır. Və heç vaxt onun çıxışlarında dövlət əleyhinə çağırışlara rast gəlməmişəm. Çünki Hacı Şahin bilir ki, biz dünyəvi dövlət quruluşunu canımızla-qanımıızla yaradıb müstəqil olmuşuq. Çünki o bilir ki, dinlə siyasət ayrıdır. Bütün bu xüsusiyyətlər Hacı Şahinin hörmətli adamlar siyahısında qərarlaşmasına yol açıb. Bu şəxs öz dindarlığı ilə məşğuldur, bu günə qədər də öz yolu ilə gedir.

O ki, qaldı Tale Bağırova. Yuxarıda qeyd etdiyim kimi Tale Bağırovun çıxışlarını dinləməmişəm. Bircə onu görmüşəm ki, respublikamızda səfərdə olan İranın din aliminin əlindən öpüb şikayət etmişdi. Doğrusu, əl öpməsini özü bilər, buna heç kim heç nə demir. Hərçənd şiə məzhəbli əksər adamlar bunu düzgün addım saymasalar da, yenə özü bilər.

Amma Tale Bağırovun “Azərbaycanda dindarların incidilməsi” ilə bağlı İran aliminə şikayəti, düzünü deyim ki, çoxlarında inciklik yaratdı. Hətta ölkəmizin şiə məzhəbli Mərkəzi Aran, eləcə də Lənkəran bölgəsinin sakinləri də ondan incidilər. İncimələrində haqq da edirdilər. Axı bizdə nə vaxt namaz qılan adamı canamazın üstündən qaldırıb içəri salıblar? Yaxud, nə vaxt görünüb ki, İmam Hüseyn aşiqlərinin zəncir vurmasının, sinə döyməsinin qarşısını alıblar. Hətta Aşura günü təqvimdə də çərçivəyə alınıb. Axı bu son illərdə Azərbaycanda nə qədər məscidlər bərpa edilib, yeniləri tikilib, gənclərin dini təhsil almaları üçün Qafqaz Müsəlmanları İdarəsinə geniş səlahiyyətlər verilib, İnter.az televiziya kanalının yayılmasına şərait yaradılıb. Bütün bunları necə danmaq olar? Tale Bağırov sən ki, bunu yaxşı bilirsən ki, ölkəmizdə dindarlar incidilmir. Oruc tutulur, ehsanlar üçün çadırlar qurulur. Əbəlfəz Abbasın kəsilmiş qolları haqqı düz etmədin. Sən dini təbliğ edəndə tərəfdarların çox idi, nəinki sonradan şəriət qanunları ilə idarəetməyə dair fikirlər səsləndirəndə. Həbs olunub azadlığa çıxandan sonra sənə inananlar çox sevindilər. Amma həbsdən sonrakı bəyanatların onları səndən soyutdu. İmamların goruna and olsun ki, bütün bunları hər gün adamlardan eşidirəm. Dindarlar get-gedə səndən uzaqlaşdılar, çünki dediyin hər sözdən qan iyi gəlirdi. Həm də adamlar siyasətə qarışmaq istəmirlər. Onlar sadəcə dindar olub Allah yolunu tuturlar. Çünki saf dindar siyasətə qarışmır, bunu ki, yaxşı bilirsən. Əsil imanlı adam namazını qılır, orucunu tutur, zəkatını verir, imkan olduqca kasıb-kusuba köməklik göstərir, halal məvacibindən pul yığır ki, Həcc ziyarətinə getsin. Və onlar səndən uzaqlaşdılar, incidilər. Nardaranda qan tökülməsindən sonra isə ümumiyyətlə küsdülər. Çünki sən din adamı kimi qanın tökülməsinə imkan verməməli idin. Səni müdafiə edənlərə deməli idin ki, heç kim dövlətin nümayəndəsi olan polisə əl qaldırmasın.

Lakin qan töküldü. Çox heyf ki, uşaqlar atasız qaldı. Çox təəssüf ki, balaca ölkəmiz qarışdı. Bu qan kimə lazım idi anlamıram. Amma Azərbaycan dövlətinə və sadə azərbaycanlılara lazım deyildi.