Taleh Bağırov məhkəmə-tibb ekspertizasından imtina edir

taleh-bagirov-mehkeme-tibb-ekspertizasindan-imtina-edir
Oxunma sayı: 660

Vəkil “Media forum”a bildirib ki, ilahiyyatçının həbsindən 15 gündən çox keçsə də, heç bir tibbi ekspertiza aparılmayıb: “Hətta Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra da Taleh Bağırov müayinə olunmayıb. Tutulan zaman onu döyüblər, aldığı xəsarətin izləri itmək üzrədir, onları getdikcə müəyyən etmək çox çətindir. Taleh Bağırov bildirdi ki, bundan sonra məhkəmə-tibb ekspertizası keçirilərsə, imtina edəcək”.

Vəkil qeyd edib ki, ilahiyyatçı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu təqsirsizlik prezumpsiyasını pozmaqda günahlandırır və bu məsələ ilə bağlı məhkəməyə müraciət olunacaq.

Taleh Bağırov martın 31-də tutulub. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.

Aprelin 11-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birğə məlumat yayıb. Məlumatda qeyd olunub ki, aprelin 2-də Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov adlı şəxslər saxlanıb, onların əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb: “İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq icra hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf etmişlər. Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapmışdır”.