Taleh Bağırov ona işgəncə verən polislə üzləşmə tələb edir

taleh-bagirov-ona-isgence-veren-polisle-uzlesme-teleb-edir
Oxunma sayı: 1696

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni Müsavat”a məlumat verən vəkil Cavad Cavadov deyib ki, ay yarım əvvəl Hacı Talehin yenidən dindirilməsini və narkotik bükümdə əl barmaq izləri ilə bağlı ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəkilin bildirdiyinə görə, dindirilmədən sonra müstəntiq vəkillərin verdiyi vəsatəti təmin edərək iş üzrə məhkəmə-daktikloskopik ekspertizası təyin edib.

“21 may 2013-cü il tarixdə Bakı İstintaq Təcridxanasında Taleh Bağırovun ittiham olunduğu cinayət işi üzrə yenidən dindirilib və müstəntiq tərəfindən vəsatət tam təmin edilərək iş üzrə məhkəmə-daktikloskopik ekspertizası təyin olunubdur. Bundan əlavə, Taleh Bağırovun evində və maşınında aşkar olunmuş bəzi kitablarla bağlı məhkəmə linqvistik ekspertizası təyin olunub.

Ümid edirik ki, ekspertizalar obyektiv aparılacaq. Dindirmədə Taleh Bağırov onu döyən və işgəncələr verən şəxslərlə, xüsusən Sabunçu Rayon Polis İdarəsinin əməliyyat axtarış şöbəsinin rəisi Ədalət Əliyevlə üzləşdirilmə keçirilməsini tələb edib”, - deyə, C.Cavadov bildirib.

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov bu il martln 31-də Sabunçu polisi tərəfindən saxlanılıb. Aprelin 2-də Sabunçu məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur. Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçının istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.