Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Ə.Bünyatov ifadə verib.
O deyib ki, Taleh Bağırov "Müsəlman Birliyi" Hərəkatının rəhbəri, özü də idarə heyətinin üzvü olub: "Məqsədimiz bir idi, radikallıq, terrorçuluq fikirlərimiz olmayıb. Taleh qonağımız idi, 10 gün idi bizdə qalırdı. Gündüzlər evdə namaza toplaşıb, axşamlar məscidə gedirdik. Hadisə baş verən gün də həyətimizdə təxminən 30 nəfər var idi. Mənim evimdə silah olmayıb. Qəfildən maskalı polislər gəldi, qarşıdurma yarandı".
Proses martın 1-də davam etdiriləcək.
E.İsgəndərov 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra saxlanılıb və 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
İttihama görə, E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nardaran qəsəbəsindəki əməliyyat zamanı qarşıdurma Ə. Bünyatovun evində baş verib.
Murad Əhməd