Taleh Bağırovun cəzası artırıldı

taleh-bagirovun-cezasi-artirildi
Oxunma sayı: 3029

“Nardaran hadisələri”nə görə həbs edilən, dövlət çevrilişinə cəhd, terrorçuluq və digər cinayətlərdə ittiham edilən  “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun daha bir məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilən T.Bağırov həbsxanada saxlanılarkən cəzaçəkmə müəssisəsində qadağa olunmuş əşya saxlamaqda ittiham edilib.

O, Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Hakim Rufan Mürsəlov T.Bağırova bu maddə üzrə 5 ay həbs cəzası verib. 

Onun 20 illik cəzasından qalan 17 il 9 ay 13 gün bu hökmlə birləşdirilərək yekun olaraq 18 il azadlıqdan məhrum etmə cəzası verilib.

İttihama görə, T.Bağırovun üzərindən yaddaş kartları aşkarlanıb. O, özünü təqsirli bilməsə də, cəzaçəkmə müəssisəslərində belə bir kartların istifadəsinə icazə verildiyini deyib və bildirib ki, digər məhbuslar da bu kartlardan istifadə edir.

Murad Əhməd