““Talkuçka”dakı satıcıların vəziyyəti...” - Deputat

talkuckadaki-saticilarin-veziyyeti
Oxunma sayı: 2028

“Mən bu yaxınlarda “talkuçka”ların birində oldum. Orada satıcıların vəziyyəti ürəyimi ağrıtdı”. “Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ələbaxımlı vətəndaşların sayını artırmaq dövlət siyasətinə uyğun deyil: “Bizi haqsız rəqabət, inhisarçılıqla bağlı vəziyyət narahat edir. Yavaş-yavaş inhisarçılığı aradan qaldırmaq lazımdır. Tikinti sektorunda vəziyyət bəllidir. Çünki pilot layihələr həyata keçirilir. Xarici investorların ölkəyə gəlməsinə imkan yaratmalıyıq. Pensiyaları artırmaq aztəminatlı ailə üçün vacibdir.

Bir vaxtlar kiçik problemlərini həll etməyənlər ciddi problem yaşadılar. Azərbaycanda vəziyyət stabildir. Lakin elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər. Ən yaxın zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Hansı sahibkarın, investorun hüququ pozulursa, qısa zamanda bu problem aradan qaldırılmalıdır.

Məsələn, qonşu Gürcüstana sahibkarlar investisiya qoyurlar. Gürcüstan sahibkarların problemini məhkəmələrdə islahatlar yolu ilə həll etdi. Biz yolu açmasaq, problemlər üst-üstə gələcək. Eyni zamanda ölkə başçısına neqativ hallarla bağlı dərhal məlumat verəcək mexanizm hazırlanmalıdır”.

Günel Türksoy