Tanınmışlar “Çeburaşka”da - Fotolar

taninmislar-ceburaskada-fotolar
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü həsr olunan layihə çərçivəsində ilk aksiya Bakıdakı “Çeburaşka” uşaq bağçasında təşkil edilib. Valideyinlərin də qatıldığı görüşdə ilk öncə bağçanın müdiri Nərgiz Paşayeva çıxış edərək qonaqları salamlayıb. O, uşaq bağçasında belə görüşlərin keçirilməsinə xüsusi önəm verdiklərini, bu kimi görüşlərin uşaqların xatirəsində dərin iz buraxdığını vurğulayıb. Sonra milli geyimli körpələr şeir və mahnılar oxuyub, rəqs ediblər.

Millət vəkili Qənirə Paşayeva sözügedən layihənin məqsədinin uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğindən ibarət olduğunu söyləyib.

Millət vəkili Ceyhun Osmanlı öz çıxışında Tünzalə Ağayevanın vətənpərvərlik ruhunda yazılmış mahnılarından ibarət “Anam Azərbaycan” adlı diskinin pulsuz olaraq uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına paylanılacağını bildirdi.

Tünzalə Ağayeva məlumat verib ki, diskə 13 mahnı daxildir, onlardan ikisi instumental versiyada hazırlanıb. “Uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq, o ruhda, o düşüncədə də böyüyəcəklər” – deyən əməkdar artist Tünzalə Ağayeva uşaq bağçasından sonra məktəblərdə, liseylərdə, universitetlərdə və hərbi hissələrdə də layihənin təqdimatının keçirələcəyini və disklərin gənclər arasında geniş yayılacağını deyib.

Qeyd edək ki, albomda yer alan bütün mahnıların (“Ölkəm” romansı istisna olmaqla) müəllifi Tünzalə Ağayevadır, mahnıların sözləri isə xalq şairləri Səməd Vurğun və Mirvarid Dilbaziyə, eləcə də Sədaqət Kərimovaya aiddir.
Layihənin adının götürüldüyü “Anam Azərbaycan”, “Biz gəlirik” və “Şəhidim” əsərlərinin sözləri isə millət vəkili Qənirə Paşayevaya məxsusdur.