TAP-ın İtaliya hissəsinin tikintisi dayandırıldı

tap-in-italiya-hissesinin-tikintisi-dayandirildi
Oxunma sayı: 4434

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin İtaliya marşrutunun inşası işləri yenidən dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

O qeyd edib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir:

“TAP yay mövsümündə heç bir tikinti işləri aparmayacağına dair öhdəliyinə uyğun olaraq, mikrotunel sahəsində işləri dayandırıb. Podratçı “Saipem S.p.A” şirkəti mikrotunelin inşası üçün çuxurun qazılması işlərini artıq başa çatdırıb”.

Qeyd edək ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq. 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.

“Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə həyata keçirib. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir.

Lisa Givert