Tapqaraqoyunluda su problemi olmayacaq

tapqaraqoyunluda-su-problemi-olmayacaq
Oxunma sayı: 684

ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, martın 6-da kəndə səfər edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Tapqaraqoyunlu əhalisi ilə görüşüb və görüləcək işlərlə bağlı müzakirələr aparıb: “Tapqaraqoyunlu kəndinin içməli su problemini həll etmək məqsədilə Ballıqaya-Goranboy magistral kəmərindən 20 km uzunluğunda yeni su xətti çəkiləcək. Kənd əhalisinin 24 saat fasiləsiz su təchizatını təmin etmək üçün yüksəklikdə yerləşən ərazidə anbar kompleksi inşa ediləcək, kənddaxili paylayıcı su şəbəkəsi yaradılacaq və hər bir evə birləşmə veriləcək. Hədəfimiz qısa müddətdə bu işləri başa çatdırmaq və yaya qədər kəndi içməli su ilə təmin etməkdir”.

Tap Qaraqoyunlu kəndinin təbii qaz və elektrik enerjisi ilə təchiz edildiyini diqqətə çatdıran Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev içməli su probleminin həlli ilə kəndin kommunal xidmətlərlə təchizatının ən yüksək səviyyədə təmin olunacağını qeyd edib.

Qeyd edək ki, cəbhənin təmas xəttində, Ermənistan ordusunun işğal etdiyi Ağdərə rayonunun Talış kəndi ilə sərhəddə yerləşən Tap Qaraqoyunlu kəndində 2800-ə yaxın əhali yaşayır. Yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılan arxın suyunu müxtəlif yollarla təmizləyərək istifadə edirlər.