Taxıl sahələrini yandıran fermerlərə xəbərdarlıq - Məhsuldarlığı azaldır

taxil-sahelerini-yandiran-fermerlere-xeberdarliq
Oxunma sayı: 4537

Son günlər ölkə ərazisində taxıl sahələrinin biçindən sonra yandırılması hallarında artım müşahidə edilir. Ötən illərdə taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdir.

“Qafqazinfo” xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Azərtac-a açıqlamasında həmin ziyanlardan danışıb.

O bildirib ki, torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir:

“Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır”.

Nicat Nəsirli qeyd edib ki, bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir:

“Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur.

Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də sıfır torpaq becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir”.

Ekspert sözlərinə əlavə edib ki, kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır. Bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir. Bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.