Tbilisi aksiyaçıları nəyə arxayındır? - Şərh

tbilisi-aksiyacilari-neye-arxayindir
Oxunma sayı: 1288

Politoloq Şahin Cəfərli Tbilisidə baş qaldıran etiraz aksiyalarından danışıb.

"Qafqazinfo" xəbər verir ki, politoloq aksiyaçıların inadla hökumətin istefasını tələb etmələrini üç əsas nüansla əlaqələndirib: 

"Əvvəla, Gürcüstanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hökumət üzərində ciddi ictimai nəzarət qurulub. Bir fərdə, bir ailəyə qarşı ədalətsizliyi "bu gün ona, sabah mənə" düşüncəsi ilə bütün cəmiyyətin ortaq problemi kimi qavrayan duyarlı və yetkin bir toplum var.

İkincisi, sərbəst toplaşmaq azadlığı dekorativ yox, real şəkildə təmin olunub. Dövlət binalarının qarşısına toplaşıb etiraz edənlər bilirlər ki, öz konstitusion hüquqlarından istifadə etdikləri üçün başlarına bir şey gəlməyəcək.

Üçüncüsü, ölkədə istefa mədəniyyəti formalaşır. Qətl işi üzrə istintaq başlayanda Saralidze ailəsinin günahlandırdığı gəncin prokuror atası Qərb ölkələrinin praktikasında olduğu kimi, istintaq müddətində istefaya gedib. İndi də baş prokuror...

Aydındır ki, Gürcüstan hələ Qərb demokratiyasının standartlarından uzaqdır, amma bu lokal hadisədən də görürük ki, indiyədək qət etdikləri məsafə heç də az deyil. Bu, avrointeqrasiya sayəsindədir".

Qeyd edək ki, mitinq iştirakçılarının tələbi ilə Baş prokuror İrakli Şotadze vəzifəsindən istefa verib.