Tbilisidə parlamentin binası qarşısında aksiya genişlənir

tbiliside-parlamentin-binasi-qarsisinda-aksiya-genislenir
Oxunma sayı: 2520

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyanın miqyası genişlənir və paytaxtda gərginlik artır.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə bu gün polis tərəfindən saxlanılan Zaza Saralidzenin azadlığa buraxılmasını tələb ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Z.Saralidze bu gün parlamentin qarşısında polis əməkdaşlarına dəyənəklə hücum etdiyinə görə saxlanılıb.

Daha sonra Z.Saralidze və onunla birlikdə saxlanılan daha iki nəfər azadlığa buraxılıb. Z.Saralidzenin səhhəti pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib.

Lakin, aksiya bundan sonra da davam edib və prezidentliyə namizədlər, “Qirçi” partiyasının lideri Zurab Caparidze, “Güc birlikdədir” müxalif siyasi birliyin namizədi Qriqol Vaşadze və “Avropalı Gürcüstan” partiyasının namizədi David Bakradze də parlamentin qarşısına gələrək etirazçılarla həmrəy olduqlarını bildiriblər.

Axşam saatlarında aksiya iştirakçıları çadır qurmağa cəhd ediblər. Polis əməkdaşları onların bu cəhdinin qarşısını alarkən qarşıdurma baş verib.

Məlumat üçün qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyasını davam etdirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.