Tbilisidəki mitinqə səbəb rus deputat - “Orada oturmağı gürcülər təklif etdi”

tbilisideki-mitinqe-sebeb-rus-deputat
Oxunma sayı: 2102

Dünən Tbilisidə kütləvi aksiyalara səbəb olan Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Moskvaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 53 yaşlı millət vəkili “Kommersant” nəşrinə açıqlamasında məlumat verib.

O, bildirib ki, gürcü parlamenti iki ildir ondan Gürcüstanda 25 ölkəni birləşdirən Parlamentlərarası Pravoslavlıq Assambleyasını keçirməyi təklif və xahiş edib.

“Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməyi mənə həmin ölkənin özü təklif etdi və mən də orada oturdum. Protokola uyğun olaraq bu fəxri yer katiblər üçün yox, məhz Baş Assambleyanın sədri üçün təyin edilir. Baş Assambleyanı isə sadəcə Parlamentlərarası Pravoslavlıq Assambleyasının prezidenti, yəni mən idarə etməliyəm. Qeyd etmək istəyirəm: Yunanıstan, Livan və digər ölkələrin parlamentində bu cür fəxri kürsülərdə əyləşmişəm, heç bir problem olmayıb. Əlbəttə, adi bir stulda da oturmağa razıyam. Doğrusu, mən təvazökar bir insanam və fərqlənmə arzusunda deyiləm. Ev sahibi mənə haranı göstərirsə, orada da əyləşirəm”, - deyə Qavrilov söyləyib. 

O, iclasın sakit şəkildə başladığını, lakin daha sonra fasilə zamanı ekstremistlərin zala daxil olaraq sənədləri məhv etdiklərini sözlərinə əlavə edib.

Deputat həmçinin vurğulayıb ki, bəzi KİV-lərdə onun Abxaziyada gedən döyüşlərdə iştirak etdiyinə dair yayılmış məlumat əsassızdır.