Təhsil nazirinə imzalı donos

tehsil-nazirine-imzali-donos
Oxunma sayı: 2613

Çox hörmətli, qiymətli Mikayıl müəllim. Yazıb sizə bildirirəm ki, Misir müəllim işdən çıxanda o qədər sevindim, o qədər sevindim, dəxi anlatmam mümkün deyil. Yox, sizin gəlişinizlə təhsilimizin bayram edəcəyini düşünəcək qədər sadəlövh deyiləm. Bilirəm ki, bu sistem qanqren olmuş ayaq kimidir, barmaqları kəsib atmaqla, ya da müalicə etməklə sağaltmaq çətindir. Sevincimin səbəbi başqadır, axı yeni nazir həm də yeni kadr islahatları deməkdir. Yəni uzun sözün qısası, düşündüm ki, bu dəyişiklik mətbuat xidmətində də baş verəcək və zəhmətkeş jurnalist əhlinin canı Bayram Hüseynzadə mərəzindən qurtulacaq. Heç olmasa, bundan sonra “Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı” kimi fikirlərə mediamızda az rast gələcəyik.


Amma gözləntilərim hənüz öz nəticəsini verməməkdədir. İndiyədək heç olmasa operator qız telefonu müvafiq şöbələrlə birləşdirirdisə, indi jurnalist adını eşıdəndə özü dəstəyi atır üstünə.

Hətta onu deyim ki, jurnalistlərlə son görüşünüzdə görülən işləri ictimaiyyətə çatdırmağın əleyhinə olduğunuzu söyləmənizdən bir qədər bədbinləşdim də. Sonra öz-özümə dedim ki, nə olsun Mikayıl müəllim həmişə biznesklasda uçur, dövlət işini biznes srri ilə dəyişik salacaq deyil ha.

Üstəlik pozitiv hisslərim də deyir ki, Mikayıl müəllimin bu vəzifəyə təyin olunduğu cəmi 1 ay 2 həftədir. Bu müddətə ancaq təbrikləri qəbul etmək, Misir müəllimin illərdən bəri yapıxdırdığı kreslonu dəyişmək, kabinetin dizaynını zövqə uyğunlaşdırmaq və Nazirliyin şöbələri ilə tanış olmaq mümkündür. Əgər nəzərə alsaq ki, siz təhsilə tamam yad adamsız, lap başa düşmək olar, təsəvvür edirəm, indi hansı şöbənin hansı işlə məşğul olduğunu bilmək nə qədər vaxtınızı aparır.

Sözümün “mustafası” ondan ibarətdir ki, əgər islahatlarınız geniş vüsət alsa, bizim Ağdam camaatının da halına yanın. Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanı göndərin təqaüdə, yaxud Misir müəllimin yanına elmi araşdırmalar aparmağa. İçərişəhərin məhv olmuş ruhuna, iflic təhsilimizin ümidlə baxan gözlərinə and olsun ki, bununla bizim əhaliyə çox böyük yaxşılıq etmiş olarsız.

Qeybət kimi çıxmasın, bu Elmira xanımın çevirmədiyi oyun qalmayıb. 2010-cu ildən üzübəri içi mən qarışıq bütün həmkarlarım elə-hey yazır, bir xeyri yoxdu.

“Dayım Ziya Məmmədovdu” deyib istədiyini edir. Az qala 1-ci sinifə qədəm qoyan uşaq da bilir Elmira xanımın rüşvət qalmaqallarını.

Babalı deyənlərin boynuna, belə söhbət gəzir ki, rayonda büdcədən pulun çıxarılması üçün məktəblərin təmiri əsas bəhanədir. Hətta saytlardan biri yazmışdı ki, rayonda maraqlı üçlük yaranıb və milyonlarla manat bu üçlüyün arasında yoxa çıxarılır. Söhbət “Vüsel”şirkəti, icra başçısı Nizami Sadıqov və Elmira Şükürova üçbucağından gedir. Guya bu rayonda bütün tenderlərin bir “qalibi” olur, o da “Vüsel” şirkətidir.

Bunlar xırım-xırda işlərdi. Mən hələ bağça müdiri qoymaq üçün nə qədər pul almasından, əlavə müəllim ştatı yaratmaq üçün 3-5 şagirdən ibarət sinif açmasından danışmıram. İş o yerə çatıb ki, xanım Ağdamla kifayətlənməyib Mingəçevirdə də bağçalara müdir təyin etdirir. Maraqlansanız, elə internetdə Elmira xanımın adını yazmağınız kifayət edər. Faktların hamısı bir-bir üzünüzə güləcək.

Yalanı yoxdu, camaatımız sizə elə də güvənmir. Aralarında biri var, lap avamlığına salıb deyir ki, Elmira xanım da nazirimiz kimi biznesklas-ı sevir. “Klass” da rusca “sinif “ deməkdir. Nazir bisnesklasda uçur, Elmira xanım da “klass”dan biznesi kimi istifadə edir. Hətta onu da deyirlər ki, seçki ərəfəsində Elmira Şükürova kimi “seçki mütəxəssisi”ni işdən çıxarmaq heç bir nazirə əl verməz.

Birtəhər camaatımızı inandırmışam ki, yeni nazirimiz dünyagörüşlüdür, xarici təhsillidir, dünyanın gərdişindən, zəmanənin dəyişməsindən xəbərdardır. Ümid edirəm ki, ümidlərimi alt-üst etməyəcəksiniz. Ta məndən çatdırmaq...