Təhsil Nazirliyində sürprizlə qarşılaşdım...

tehsil-nazirliyinde-surprizle-qarsilasdim
Oxunma sayı: 3591


 Xarici dil, politologiya, beynəlxaq hüquq və digər humanitar sahələrin mütəxxəssisləri mənim bu yazımda göstərilən məqamlarla böyük ehtimalla razılaşacaqlar, xüsusən də xaricdə təhsili qarşılarına məqsəd qoymuş və bu məqsədə öz möhkəm iradələrinin və prinsipial xarakterlərinin hesabına nail olmuş orta azərbaycan ailəsindən çıxan gənclər. Bu orta və ya kasıb azərbaycanlı ailəsindən çıxan gənclərə ixtisaslarının “prioritet“ olmadığı səbəbindən dövlətin təqaüd proqramında iştirak haqqı, mənim təcrübəmlə desək 2010-ci ildən bəri tanınmır. İllərdən bəri bir sualın cavabı fikrimi yayındıracaq dərəcədə məni narahat edir, desəm şişirtmərəm.  Amma məsələni ictimailəşdirmənin vacibliyini bu ilin, yəni 2013-cü ilin mart ayında Azərbaycanın aparıcı universitetlərindən birində praktikada olduğum zaman anladım. Bu məqamda qeyd etməliyəm ki, Almaniyanın Potsdam universitetinin maqistri kimi praktika keçəcəyim məkanın Azərbaycanın aparıcı universitetlərindən biri olmasını istədim və reallaşdırdım. Səbəb yuxarıda qeyd etdiyim kimi məni rahat buraxmayan bir sualın cavabını tapmaq idi: “Əcaba doğrudanmı bizim təhsil müəssisələrində xarici dil mütəxxəssislərinə ehtiyac yoxdur? “ Xaricdə oxuyub xarici dilə və müəyyən ixtisaslara sahib olmaq, xarici dil mütəxxəssisi olmaq demək deyil.  Adını müəyyən səbəblərdən çəkə bilməyəcəyim, Bakıda yerləşən dövlət universitetində  bir ay praktikada olduğum müddətdə xarici dil  fənnini tədris edən müxtəlif müəllimlərin dərslərində iştirak etdim. Gördüyüm situasiya illərdən bəri başımda dolanan sualın cavabını mənə açıq-aydın vermiş oldu: Azərbaycanda xarici dil mütəxxəssislərinə-xarici dil müəllimlərinə, linqvistlərinə, tərcüməçilərinə, tipoloqlarına ÇOX BÖYÜK EHTİYAC vardır!!! Bu mövzunun ayrıca təhlilə ettiyacı olan bir mövzu olduğundan başqa bir yazıda işıqlandırmağa çalışacam, indilik isə nədən bəzi gənclərin illərdən bəri xaricdə ali təhsilini bir pilləni bitirməklə kifayətlənməyib, digər pillələrdə də oxumaq imkanı olduğu halda Azərbaycançılıq ideyalarını, dövlətimizin milli maraqlarını təbliğ etməyi qarşısına məqsəd qoyan digər bir qisim Azərbaycanlı  gənclər ixtisaslarının prioritet olmamağı ucbatından təqaüd alma imkanından ədalətsiz şəkildə məhrum olurlar. Başqa bir məqam isə illərlə eyni sahənin yüzlərlə tələbələrinin xaricə göndərilməsi və eyni ixtisasa sahib olması təhsil nazirliyinin “dili”ylə desək „prioritet“ sahə sayılmayan sahələrin inkişafını ləngidir, daha dəqiq desək iflic edir. 

Almaniyanın tələbələrə təqaüd ayırma istiqamətindəki təcrübəsinə nəzər salsaq görə bilərik ki, müxtəlif fondlar, xüsusən siyasi fondlar ixtisaslarda heç bir seçim etmirlər, belə ki, bütün ixtisasların tələbələrinə təqaüddən yararlanma şansı verilir. Şərtlərə isə tələbənin təqaüd proqramında iştirak üçün ərizə təqdim etmə zamanına qədərki dərs nailiyyətlərinin nə dərəcədə yüksək olması, ictimai-siyasi fəaliyyəti, cəmiyyətdəki rolu və s. kimi kriteriyalar daxil olur .Yox, bu əsla o demək deyil ki, bizdə də məhz bu göstəricilər əsas götürülməlidir, ancaq bu o demək də deyil ki, illərlə eyni  sahələrin ixtisasçıları maddi cəhətdən dövlət tərəfindən təmin olunmalıdır, digərləri isə dövlətdən heç bir qayğı görməməlidir. Mən illərdən bəri bu istiqamətdə bir diskriminasiya görürəm. Qayıdaq bayaqki fikirlərimə. Deməli, bir tələbənin xarici ölkələrin nüfuzlu universitetinə daxil olması üçün əcnəbi dil biliyinin yüksək səviyyədə olması mütləq şərtdir. Azərbaycanın dünyaya inteqrasiyasını nəzərə alsaq, əcnəbi dillərin öyrənilməsinin nə qədər vacibliyinin digər nüanslarına toxunmayacam. Sadəcə bir məqamı xatırlatmalı olacam ki, dövlətin təhsil müəssisələrində xarici dilləri tədris edən dərin biliyə malik savadlı kadrlar olmadan öyrənilən xarici dillərin də keyfiyyəti səthi olacaqdır. Bu zaman deyə bilərsiniz ki, ölkəmizdə günü gündən çoxalan xarici dil kursları mövcuddur, hətta bəzilərində əcnəbi müəllimlərin tədrisi apardığı müşahidə olunur. Burada STOP! Məgər hər bir tələbənin  istər maddi cəhətdən, istərsə də vaxt baxımından imkanı yetirmi, məsrəf tələb edən bu tip (aylığı 250 manatdan 400 manata qədər) kurslarda iştirak edib dil öyrənə bilsin. Əlbəttə ki YOX! Bu səbəbdən də respublikanın orta və ali təhsil müəssələrində hər təbəqən olan gənci savadlandıra biləcək bilikli xarici dil müəllimləri, linqvistləri mövcud olmalıdır. Məncə hələlik bu qədər detal kifayət edir ki, diqqətə ehtiyacı olan bu məsələnin üzərində düşünülsün.

Fikirlərimi xeyli uzatdıqdan sonra mənim və ya digər mənim kimi tələbələrin rastlaşdığı bir neçə situasiyanı öz həyatımdan misal olaraq çəkmək istərdim. Öncə bir məsələni vurğulayım ki, bəzilərinin önəmsəmədiyi müəyyən hallar gənclərimizin həyatında, onların gələcək talelərində həlledici rol oynaya bilər. Belə ki, 2011-ci ildə Potsdam Universitetinin xarici dil linqvistikası üzrə maqistratura pilləsinə daxil oldum və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət Proqramında iştirak etmək üçün elə sözügedən Nazirliyin əməkdaşlarına müraciət etdim.  O zaman Təhsil Nazirliyi seçdiyim sahənin prioritet sahə olmadığını əsas gətirdi. Buna baxmayaraq bütün qarşıma çıxacaq maddi çətinlikləri gözümə alıb şəxsi vəsaitim hesabına Almaniyanın aparıcı universitetlərindən olan Potsdam Universitetində maqistratura pilləsində oxumağı qəti surətdə gələcək həyat planıma saldım. Ailəmin maddi durumu qənaətbəxş olmadığına görə Almaniyada oxuduğum müddət ərzində valideynlərimdən qismən yardım ala bildim. Gündəlik yaşayışımı təmin etməkdən ötrü Almaniyada təhsil aldığım müddətdə işləmək məcburiyyətində qalırdım. Almaniyada həm tələbə kimi yaxşı və əla qiymətlərlə təhsili uzatmadan vaxtında universiteti bitirmək hər kəsin öhdəsindən asanlıqla gələ bilməyəcəyi çətinlik törədən hallardandır.  Bu ərəfədə təhsilimlə yanaşı ictimai-siyasi fəallıq göstərib Almaniyada ölkəmi layiqli təmsil etməyə çalışdım. 

Qısası, maqistr təhsilimi 2013-cü ilin yayında uğurla başa vurdum. Elmi həyatımın əsas istiqaməti kimi seçərək doktorantura oxumaq üçün Potsdam Universitetinin dünyanın bir çox ölkələrində öz elmi işləri və məqalələri ilə tanınmış linqvistlərindən ikisini doktorluq dissertasiyama elmi rəhbər olaraq seçdim. Elmi rəhbər seçimim iki ildən bəri savadlarına və şəxsi keyfiyyətlərinə dərindən bələd olduğum Potsdam Univerrsitetinin professorları oldu. Potsdam Universitetinin doktorantura pilləsinə daxil olmuş gələcək doktorantı kimi Təhsil Nazirliyinə müraciət etmək fikrinə düşdüm. Tədqiqat işimin Təhsil Nazirliyinin prioritet ixtisaslar siyahısında olan “Qədim dillər” sahəsinə bağlılığını nəzərə alıb sənədlərimi  2013-cü ildə Dövlət Proqramında iştirak etmək üçün Təhsil Nazirliyinə təqdim etmək istədim. Bu dəfə isə növbəti bir sürprizlə qarşılaşdım, bir neçə ildir Təhsil Nazirliyinin xaricdəki universitetlər siyahısında olan Potsdam Universitetinin adının siyahıda olmaması yenə qanımı qaraltdı. Təhsil Nazirliyinə zəng edib Potsdam Universitetinin siyahıda olmama səbəbini soruşduqda bu məsələnin birbaşa Prezident Adminstrasiyasına aid olan məsələ olduğunu nəzərimə çatdırdılar. Beləcə yenə elm yolunda addımlamamda maddi sıxıntılar ucbatından böyük əngəllər yarandı. Maddı vəziyyətim imkan vermədiyimdən, daha doğrusu  həm doktorantura oxumağım, həm də işləməyim bir araya sığmayacağından böyük ehtimalla dissertasiya işimin yazılması gerçəkləşə bilməyəcək.     Mən Almaniyada siyasi fondlara da müraciət etməyəcəm, necə ki bu günə qədər də etmədim. Mən həmin siyasi fondların şərtlərinə təhsilim zamanı əldə etdiyim yüksək qiymətlərimlə uyğun gəlsəm də, onların diktələri ilə hərəkət etməyəcəyəm. Mənim qorxduğum  onların demokratiya uğrunda mübarizə diktələrinə tabe olmaq deyildir, mənim qorxduğum „demokratiya uğrunda mübarizə çardağı“ altında torpaqlarmıza zor gücünə sahib çıxan, milyonlarla dinc sakini qaçqın-köçkün, didərgin vəziyyətinə salan Ermənistan dövlətinin təmsilçiləri ilə eyni masa arxasına, süfrə arxasına oturmağımdır. Mən ədaləti qorumaqdan ötrü elmdən tərəddüdsüz vaz keçərəm! Təki VƏTƏNə haqsızlıq olmasın! Mənim durumumda, lakin mənim düşüncəmdə, əqidəmdə olmayan gənclər öz həyat yollarında addımlayarkən büdrəməsinlər deyə onlara da haqları olduqları şansı yaradın…

Günel Qurban

[email protected]