Təhsillə rusca zarafatlaşmaq

tehsille-rusca-zarafatlasmaq
Oxunma sayı: 2195

Raminə Eyvazqızı

Bir neçə ay əvvəl təzə London meri Sadiq Xan seçiləndə çoxu sevincək oldu ki, kişinin oğlu müsəlmandı, indi İngiltərənin altını üstünə çevirib az qala azərbaycanlıları da seçib alnından öpəcək. Məlum oldu ki, buddist imiş. Pakistanlı London merinin dini inancıyla işim yoxdu.

Maraqlı olan odur ki, heç kəs bərkdən səsini çıxarıb demədi ki, bu kişi başını elə-belə ağartmayıb. Onun bu məqamlara gəlməsınə səbəb ingilisin təhsili, təlim-tərbiyəsi, ağıllıya üstünlüyün verilməsidir. Bir ölkə ki, təhsil və səhiyyəsinin barını görə bilmir, orada şikəst düşüncəli, diplomlu naşılar, nadanlar da çox olacaq. Güclü səhiyyə də həmin təhsilin “bel”indən gəlir.

Təhsillin yüksəkliyindən dəm vuranların pafosu da sönüb. Kresloya genəlib oturanlar dediklərinə özləri də inanmır artıq. Verilən nəhəng şikayət və sualları da “cırtdan”a döndərib azdırırlar.

Cəmiyyətin, elə təhsilin də əzəli problemi hələ də təmiz ana dilində danışılmamasıdır. Dilimizi rus və ya əcnəbi sözlərdən arıtlaya bilməmişik. Əsl problemin kökü ordan başlayır. Baxırsan ki, yerli məktəblərdən birinin rəhbəri elə bir nitq edir ki, adamın əli üzündə qalır. Rus dili ilə azərbaycancadan “salat” düzəldir. “Ministersto xəbərdar edib, siniflərdə uşaq çox olmasın, pasmotrim də”.

“Pasmotrim”-in içində ağlımıza gələn hər şey var. Orta məktəblərdən tutmuş, ali təhsil ocaqlarına gədər ömürboyu dərs ilinin sonuna qədər təzə uşaq qəbul olunub. Bir uşağın təhsili məsələsi ailənin şəxsi məsələlərinin, kefinin ümidinə qalıb. Ailədən tutmuş təhsil sisteminin hər yerində nizamsızlıq var. Adam hansından başlayacağını bilmir. Misal üçün, elə ölkədə rus dilində təhsil məsələsinə baxaq. Bu gün təzəcə rayondan şəhərə gəlmiş, “uje”, “vsyo”, “davay”, “prosto” sözlərindən başqa rus dilində iki kəlməni başa düşməyən də, uşağını rus dili bölməsinə qoymaq istəyir. O uşaq ki, öz ana dilinin bir hərfini də tanımır. Bu biçarə uşaqlarını bədbəxt edən saysız valideyn var. Şəhərə “tutar qatıq, tutmaz ayran” niyyəti ilə gələnlər, məmləkətinə dönəsi olsalar o “ruscalı” uşaqlar nə olacaq? Kəndin kəsəyində yarımçıq ruscayla ana dilinə qayıdış edəcəklərmi?

Ölkədə rus dili bölməsinin ləğvi təklifini verən kişilərin öz uşaqları, nəvələri ruscada təhsil alırlar, lap yekə kişilərin övladları “iş”i bir az da böyüdüb xaricdə ikinci “ana dili” öyrənirlər. Nə özlərinə, nə də bizə yaramayan bahalı əcnəbi təhsili “alırlar”. Azərbaycancası isə xam torpaq kimi qalır ortalıqda, heç onu bəyənmir də.

Gündə bir təhsil eksperti müxtəlif fikirlə ağlımızı çaşdırır. Hətta bəzən adama elə gəlir ki, Təhsil Nazirliyində işləyən hörmətli kişilər bir-birindən küsülüdürlər. Ona görə ki, eyni damın altında çalışanlar sözünü, fikrini deyəndə başqasından xəbərsiz olur. Axı nazirlikdən bir səs çıxmasını gözləyirik. Misal üçün, bir qismi rus dili bölməsi və rus dilinin tədrisində məhdudiyyətlərin olacağından danışır. Və birdən Nazirliyin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxıb deyir ki, əvvəllər rus bölməsi üzrə əhatə dairəsi 6%-dən yuxarı idisə, indi bu qədəm 14-15 % olub. “Başqa sözlə, rus dili şöbəsinə tələbat artıb”.

Səbəbini də demirlər ki, bəs çox yerdə ana dilimizdən qabaq iş üçün rus dili tələb olunur, ölkənin sayılıb-seçilən məkanlarında ruscada məsləhət edirlər. Rus dilini öyrənmək, öyrətmək qəbahət deyil, məsələ onun təbliğatı üçün hər şəraəti yaratmaqdır. Əgər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasinin sədri Məleykə Abbaszadə 20 il ərzində “xərcləyirik” əvəzinə “xarc(ş)dıyırıq, “hamı” əvəzinə “xamı”, “hazırda” əvəzinə “xazırda” və sairə kəlmələri işlədirsə, deməli söhbəti uzatmağa da dəyməz.

Bu gün 700 bal toplayan gənclərin boyuna sevinirik. Hələ bölgələrin məktəb uşaqlarının uğuruna həsəd də aparırıq. Amma bu təhsilimizin yox, ayrı-ayrı ailələrin, balaların zəhmətinin uğurudur. O vaxt bu uğur təhsillə qol-boyun olacaq ki, onda həmin gənclər təhsil bitdiyində layiq olduqları iş başında olacaqlar! Sadəcə ağıllı başlarına görə.