Təhvil-təslim başladı

tehvil-teslim-basladi-
Oxunma sayı: 2649



Dünən əməkdaşımız Bakı Metropoliteninə gedib və Zaur Hüseynov rəis təyin ediləndən sonra olan dəyişikliklərlə maraqlanıb. Qurumdan bildirildi ki, hələ təhvil-təslim işləri gedir: “Bu səbəbdən 15 gün heç bir müsahibə olmayacaq.  Təhvil-təslim iki ay çəkir. Bu müddətdə hansısa dəyişikliyin, yeniliyin olması gözlənilən deyil. Əslində bu, müzakirə edilmir”.

Həmçinin vəd edildi ki, 15 gün sonra suallarımızı yazılı şəkildə metropoliten rəhbərliyinə ünvanlasaq, növbəti bir ayda cavablandırıb-cavablandırmamaq barədə fikirləşəcəklər. 
Uzun illər yeni rəis Zaur Hüseynovla birlikdə işləyən “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirir ki, Bakı Metropolitenində müsbət dəyişiklik və yenilik gözləməyə dəyər: “Zaur Hüseynov yüksək idarəetmə bacarığı olan şəxsdir. Konkret olaraq normal rəhbərlik bacarıqlarına malikdir. O, əsl menecer xüsusiyyətlərini özündə birləşdirən kadrdır. Bunu tərif üçün demirəm, həqiqətən belədir. Mən işlədiyim müddətdə idarə heyətinin sədrinin birinci müavini kimi ”Bakıelektrikşəbəkə"də yüksək bacarığını göstərib. O vaxt qurum onun sayəsində mətbuata açıq olub, qurumda hansı işlər, hansı problemlər olubsa, hamısını obyektiv cavablandırıb. İnanıram ki, bunu təkcə mən yox, bizim bütün əməkdaşlarımız, nəinki energetiklər, istənilən peşə sahibləri hiss ediblər. Zaur Hüseynov öz ziyalılığını həmişə, hər yerdə göstərib. Bütün əməkdaşlar bunun şahidi olublar. O, bir rəhbər kimi punktualdır, dəqiqdir. Öz kurasiyasında olan işlərin həmişə yüksək səviyyədə və keyfiyyətli görülməsinə çalışıb. Onda cavabdehlik və məsuliyyət güclüdür. Bu da işin daha da yüksək alınmasında nəticəsini göstərir".

T.Mustafayevin sözlərinə görə, Z.Hüseynovun gəlişi ilə metropoliten qazanacaq: “Hər işdə bir uğur var. İnanıram ki, metropolitendə əsaslı və ciddi dəyişikliklər, müsbət işlər olacaq. Çünki metropoliten şəhərimizin ən çox sərnişindaşıma obyektidir. İnanıram ki, yeniliklərin şahidi olacağıq”.

“Yeni Müsavat”