“Təklif edəcəyik ki, bəzi seçki qaydaları bizdə də olsun” - Fransalı deputat

teklif-edeceyik-ki-bezi-secki-qaydalari-bizde-de-olsun
Oxunma sayı: 895

Fransaya qayıtdıqdan sonra təklif verəcəyik ki, Azərbaycanda prezident seçkilərində tətbiq edilən bəzi qaydalar bizim ölkəmizdə də olsun.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu Fransa Senatının Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alan Rafanin kabinet rəhbəri Yasin Lamaui deyib.

Onun sözlərinə görə, bunlar əsasən, iki məsələ ilə bağlıdır: "Əvvəla, məntəqələrdə kameralardan istifadə olunmasıdır. Bu hər bir vətəndaşa imkan verir ki, evində oturub seçkinin gedişini izləsin. İkincisi, qeydiyyatla bağlıdır. Bizdə olduğu ərazidən 800 km aralıda olan şəxs 2 gün ərzində gedibsə, qayıdıb, yaşadığı yerdə səs verməlidir. Burda isə sadəcə arayış təqdim etməklə hər kəs istədiyi yerdən səs verə bilər. Xüsusən, tələbələrin olduğu yer üzrə rahat səs verə bildiklərini gördük".

Y.Lamaui qeyd edib ki, onlar olduqları 15 məntəqədə seçki prosesinin qanunauyğun keçirildiyini görüblər: "Mən həm öz adımdan, həm də Fransa parlamenti adından İlham Əliyevi təbrik edirəm! Həqiqətən, seçki prosesinə tam əməl olunurdu. İştirakçılıq çox yüksək səviyyədə idi. Seçki məntəqələrinin üzvləri və müşahidəçilər təlimatlandırılmışdı. Qutular təlimata uyğun bağlı idi. Biz həm məntəqələrdə, həm də şəhərdə insanları müşahidə etdik. Onlarda böyük ruh yüksəkliyi vardı".

Senatın fəxri müşaviri Mişel Laflandr isə bildirib ki, seçki beynəlxalq norma və standartlara tam uyğun gəlirdi: "Müşahidəçinin vəzifəsi mühakimə etmək deyil, müşahidə etmək olmalıdır. Mən məntəqələrdə böyük ruh yüksəkliyi müşahidə etdim. Azərbaycanda insanlarda seçkiyə böyük həvəs gördük".