“Təklif olsa, mənim də şərtlərim olacaq” - Tərlan Əhmədov

teklif-olsa-menim-de-sertlerim-olacaq
Oxunma sayı: 1133

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Qarabağ”a qalib gələn (1:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, Əhmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Bizim üçün vacib 3 xal idi. Mübarizəli, istəkli oyun gördük. Görüş bolqollu da ola bilərdi. 3-cü yer uğrunda mübarizə üçün bizim üçün vacib qələbə idi. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Xüsusilə, sonadək bizi dəstəkləyən azarkeşlərə.

- Əvvəl avrokuboklara düşməsəz, istefa verəcəyinizi demişdiz. İndiki məqamda istefa vermək mənasız olmaz ki?

- Onsuz da, mövsümün sonunda müqavilə müddətim bitir. Mənim qarşıma komandanın yaxşı oyun sərgiləməsi vəzifəsi qoyulmuşdu. Bu barədə mətbuatda müxtəlif xəbərlər dolaşır. Doğrudan da, insan bu söz-söhbətdən artıq bezir. Artıq öz-özümdən şübhələnirəm ki, bunu mən bacarmışam? Qalib olanda, şərik çox olur. Məğlub olanda isə yox. Qarşıda iki tur var. Bundan sonra qalıb-qalmayacağım bəlli olacaq. Ancaq bir də deyirəm, mən komandaya gələndə, qarşıma qoyulan əsas məqsəd 6-7-ci yerləri tutmamaq idi. 

- Rəhbərlik sizə qalmağı təklif etsə, cavabınız nə olacaq?

- Mən komandaya gələndə, rəhbərliyə şərt irəli sürmədim. Hətta öz komandamı belə gətirmədim. Hər halda, təklif olsa, mənim də şərtlərim olacaq.   

- Lukas Qomes sona yaxın iki yüzfaizli qol imkanını qaçırdı...

- Vurulan bütün zərbələr qol olaydı, futbolun gözəlliyi olmazdı. Mirabdulla yorulmuşdu. Buna görə, onu əvəzlədim. Hər halda, Qomes irəli xəttə heç də pis təsir bağışlamadı.

- Klubdaxili münaqişə ilə bağlı mətbuatda yayılan xəbərlər doğrudu?

- Hər halda məlumat yayılıbsa, deməli doğrudu.