Təkrar... Təkrar... Təkrar...

Təkrar... Təkrar... Təkrar...
Oxunma sayı: 2111

Fərid Hüseyn

Bu dünyada həm sadə insan kimi, həm də sənət adamı kimi ən çətin məsələ yəqin özün olmaqdır. Çoxları özünü bu çətinliyə vermək istəmir. Ona görə də biz çox vaxt hamıya oxşayırıq, ancaq özümüzə yox. 

Verilişlərimiz əksərən ideyaca xarici telekanallardan “götürülüb”, əsərlərimiz bir çox halda dünyada yazılanların suyunun suyu, filmlərimizin bir çoxunda yalançı vətənpərvərlik hisslərinin təqlidi, kitabların bəzilərinin üz qabığı oğurluq, uşaqlarımızın da çoxu öz aralarında uje Türkiyə türkcəsində danışırlar.
Bütün bunlar onu göstərir ki, biz əksərən hamıya oxşamaq, uyğunlaşmaq əzmindəyik, bircə özümüzdən başqa. Biz özümüzü özümüzə yaraşdırmırıq. Buna görə də bizim problemlərimiz həddən artıq çoxdur. Komplekslərimiz bizi təqib edir.

Bütün bunların kökündə yalançı dəbdəbə, yüksək mərtəbədə olmağa meyl dayanır. Məsələn, biz Rusiyada və yaxud Türkiyədə keçirilən toy və tədbirlər kimi sadə məclislər qurmağı bacarmırıq, bu məsələləri onlardan öyrənə bilmirik. Çünki biz təmtəraq aşiqləriyik. Onlar kimi sadə məclis keçirə, ürəyimiz aça bilmərik. Təmtəraq isə daim özünü başqasının gözündə yüksəltməkdən ötrüdür. Yaxşı biz özümüzü kiminsə gözündə yüksəltmək istəyiriksə, bəs nə vaxt özümüzü gözdən salmışıq? Sanki əksərimiz anadan olanda hansısa yarımçıqlıqla doğulmuşuq, ölənə qədər o boşluğu doldurmağa, hansısa naməlum borcu ödəməyə çalışırıq.

Oskar Uayldın “Dorian Qreyin portreti” romanın qəhrəmanı aktrisa Sibili Veyn barədə belə bir dialoq var:

“ – Bu axşam o İmocendir. Sabah axşam isə Cülyetta olacaq...
– Bəs nə vaxt Sibil Veyn olur?
– Heç vaxt...”

Bax, biz də Sibil Veyn tək içimizdə məşhur qəhrəmanlar gəzdiririk, ancaq individual ola bilmirik. Ədəbiyyatın özü bir vaxtlar rus, indi dünya və türk ədəbiyyatının təsirində vurnuxur. Özünəməxsus görünənlərin çoxu da zamanlarından geridə qalıb, köhnəpərəstliyi təqlid edirlər, artıq reallıqların dəyişdiyinin fərqində deyillər.
Biz özümüz olanda uduzacağımızdan, özümüz kimi maraqsız olacağımızdan qorxuruq. O qədər şey təqlid kimi görünür ki, adam elə bilir, nə vaxtsa başdan sona hər şeyi yaşamısan... 20-25 yaşında insanın proqnozları, tülkü ideyaları belə düz çıxır, çünki cəmiyyət və reallıqlar bəllidir...

Sanki bütün dünyada görülmüş işlərin icmalını tərcümə edib veriblər bizim əlimizə, biz də təqlid edirik. Aktyor, özü də ssenaridən bir dəfə də olsun kənara çıxmaq iqtidarında olmayan aktyor kimi eyni səhnədə - öz yerimizdə başqasının obrazını yaratmağa məhkumuq... Yeni nəsə düşünə bilmirik... Təkrar, təkrar, təkrar...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi